Litvanın Baş Prokurorluğu və Polis Kriminal Bürosu Rusiyanın hərbi kəşfiyyatı ilə əlaqəli terror planını zərərsizləşdirib.
Modern.az xəbər verir ki, ERR agentliyinin məlumatına görə, Avropanın müxtəlif ölkələrində dörd terror aktı hazırlamaqda ittiham olunan 15 nəfər saxlanılıb.
İstintaqın məlumatına görə, saxlanılanlar arasında Rusiya, Litva, Latviya, Estoniya və Ukrayna vətəndaşları var. Beynəlxalq əməkdaşlıq çərçivəsində Litvanın Dövlət Təhlükəsizlik Departamenti iki şübhəlini Estoniya ərazisində həbs edib.
Araşdırma müəyyən edib ki, 2024-cü il 19 iyulda Litva vətəndaşı bir neçə şəxslə ilə birlikdə DHL və DPD beynəlxalq çatdırılma xidmətlərindən istifadə edərək, Vilnüsdən Avropanın bir neçə ölkəsinə dörd ədəd partlayıcı və yandırıcı qurğu yerləşdirilmiş bağlama göndərib. İki bağlama DHL-in yük təyyarələri ilə Böyük Britaniyaya, digərləri isə DPD vasitəsilə Polşaya yola salınıb.
Prokurorluq qeyd edir ki, əməliyyatın təşkilatı və koordinasiyası Rusiyanın hərbi kəşfiyyat strukturlarına bağlı şəxslər tərəfindən həyata keçirilib. Hüquq-mühafizə orqanları həmçinin bildiriblər ki, saxlanılanlardan bəziləri 2023-cü ilin mayında Vilnüsdə IKEA ticarət mərkəzinin yandırılması ilə nəticələnən uğursuz terror cəhdində də iştirak ediblər.