AZ

Güclü immunitetdə təhlükəli çatışmazlıq aşkar edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Güclü immunitet bəzən xroniki iltihab hesabına formalaşa bilər. ABŞ-ın Kanzas Universitetinin Onkologiya Mərkəzinin alimləri belə qənaətə gəliblər.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “eLife” elmi platformasında dərc olunub.

Alimlər immun sisteminin infeksiyalarla mübarizəsinə kömək edən hüceyrə ölüm prosesi olan piroptozu öyrəniblər. Proses zamanı immun hüceyrələri özlərini məhv edir, bununla da iltihabi reaksiyanı gücləndirərək virus və ya bakteriyalardan daha tez qurtulmağa çalışır. Prosesi hüceyrə ölümü ilə bağlı xüsusi zülallar işə salır. Patogenlərlə təmasda olduqda bu zülallar kristalabənzər strukturlar formalaşdıraraq hüceyrələrin parçalanmasına və iltihabi siqnalların buraxılmasına səbəb olur.

Yeni tədqiqat göstərib ki, bu zülallar bəzən infeksiya olmadan da özbaşına birləşərək hüceyrə ölümünü işə sala bilər. Bu isə zəif, lakin davamlı iltihaba gətirib çıxarır və yaş artdıqca xərçəngdən tutmuş Altsheymer xəstəliyinə, depressiyadan demensiyaya qədər bir çox xəstəlik riskini artırır.

Tədqiqatlar sübut edib ki, bəzi immun hüceyrələrdə bu zülalların konsentrasiyası o qədər yüksəkdir ki, təsadüfi piroptoz prosesləri həyat boyu mütəmadi baş verir.

Alimlərin fikrincə, bu prosesləri dərk etmək, hüceyrələrin özbaşına məhvinin qarşısını alan və iltihabı azaldan preparatların yaradılmasına kömək edə bilər. Lakin bu yanaşma ehtiyat tələb edir, çünki sözügedən zülalların aktivliyinin azalması orqanizmin infeksiyalara qarşı həssaslığını da artıra bilər.

 

Seçilən
10
1
azertag.az

2Mənbələr