AZ

İdman zalları ayaq yolundan daha çox mikrob daşıyır

Professor Adil Qeybulla deyib ki, burada infeksion xəstəliklərin yayılma riski kifayət qədər yüksəkdir

Havaların soyuması ilə insanların açıq havadan qapalı idman zallarına üz tutması yoluxucu xəstəliklərin yayılma riskini artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün təmizlik və dezinfeksiya tədbirləri görülmədikdə idman zalı ayaq yolundan daha çox mikrob daşıya bilər. "FitRated"in ABŞ-də apardığı araşdırmaya görə, trenajorların hər kvadrat düyümündə bir milyondan çox mikrob mövcuddur. Ən çox çirklənən hissələr isə məhz əllə təmas edilən yerlər – tutacaqlar, oturacaqlar, yastıqcıqlar və çəkilərdir.

Mütəxəssislər bildirirlər ki, hər bir zal üzvlərə dezinfeksiyaedici salfetlər təqdim etməli, onların istifadə edilən avadanlığı məşqdən əvvəl və sonra silməsini təşviq etməlidir. Salfetlərin tərkibində mikrobları öldürən maddələrin olması vacibdir. Əlavə olaraq, avadanlıq xüsusi idman zalı təmizləyiciləri ilə gündəlik şəkildə dezinfeksiya olunmalıdır.



 
Professor Adil Qeybulla Sherg.az açıqlamasında deyib ki, idman zalları qapalı məkan olduğundan burada infeksion xəstəliklərin yayılma riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, ümumi istifadə edilən avadanlıqlar, ayaq geyimləri, duş otaqlarının lazımi qədər dezinfeksiya olunmaması bu riski daha da artırır: 

“Xüsusilə tənəffüs yolu ilə ötürülən infeksiyalar belə məkanlarda sürətlə yayılır. Buraya qrip, COVID, müxtəlif respirator viruslar, rinovirus, parainfluenza və influenza daxildir. İnsanların sıx şəkildə bir arada olması yoluxma ehtimalını xeyli yüksəldir".

Professor əlavə edib ki, xəstəliklərin yalnız hava-damcı yolu ilə deyil, həm də alətlərlə təmas nəticəsində keçməsi mümkündür: 

“Əgər asqırdıqdan və ya öskürdükdən sonra əlimizi yumaq qaydasına əməl etmiriksə, həmin mikrobları idman alətlərinə ötürürük. Təmizlik lazımi səviyyədə aparılmadıqda bu yoluxucu agentlər başqalarına da keçə bilər”.

A.Qeybullanın sözlərinə görə, idman zallarında ən çox rast gəlinən problemlərdən biri də göbələk infeksiyalarıdır: “İdman zamanı dəridə mikroçatlaqlar əmələ gəlir, tərlə birlikdə bu, mikrobların daxil olması üçün əlverişli şərait yaradır. Xüsusilə də bədən nəm qaldıqda və ya duş otaqlarında ayaqyalın gəzdikdə göbələk infeksiyalarına yoluxma riski xeyli artır”.

Professor vətəndaşlara idmandan sonra mütləq duş qəbul etməyi, avadanlıqların üzərinə şəxsi dəsmal sərməyi, duş otaqlarında ayaqyalın gəzməməyi tövsiyə edir. Onun fikrincə, idman zallarında gündəlik dezinfeksiya işləri aparılmalı, istifadəçi sayına uyğun olaraq avadanlıqlar tez-tez təmizlənməli, havalandırma sistemi isə daim işlək vəziyyətdə saxlanmalıdır.
Seçilən
14
sherg.az

1Mənbələr