AZ

Ev almaq istəyənlərin nəzərinə: bu ərazilərdə qiymətlər artacaq

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bakıda bəzi ərazilərin yenidən qurulması istiqamətində atılan addımlar diqqət çəkir. Baş nazir Əli Əsədovun imzaladığı son sərəncama əsasən bu sıraya Böyükşor gölü, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilər daxil edilib. Sözügedən təşəbbüs paytaxtın şəhərsalma inkişafında mühüm addım kimi qiymətləndirilir.

Bu qərar mənzil bazarına necə təsir edəcək? Qiymətlərdə dəyişiklik olacaqmı, yoxsa yeni yaşayış məkanları paytaxt sakinləri üçün daha əlçatan seçimlər təqdim edəcək?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, sözügedən layihə paytaxtın mənzil fonduna ciddi təsir göstərəcək.

Onun fikrincə, bu cür iri miqyaslı layihələr şəhərin genişlənməsi, əhalinin artan tələbatının qarşılanması və daşınmaz əmlak bazarının canlanması baxımından önəmlidir:

“Layihənin ilk mərhələsində bu ərazilərdə qiymət artımı gözləniləndir. Həmçinin Balaxanı, Zabrat və digər yaxın yaşayış məntəqələrində də qiymətlərə təsir edəcəyi ehtimal olunur. Əsas səbəb infrastrukturun inkişafı və şəhər sərhədlərinin genişlənməsidir. Bu proses Bakı şəhərinin 2040-cı il Baş Planı çərçivəsində həyata keçirilən şəhərsalma siyasətinin tərkib hissəsidir. Paytaxtın mərkəzində məskunlaşma sıxlığı artdıqca, onunkənar ərazilərə doğru böyüməsi təbii prosesə çevrilir”.

Vüqar Oruc

Sədr bildirib ki, hazırda bu ərazilər daha çox sənaye zonaları və ekoloji problemlərlə tanınsa da, layihə başa çatdıqdan sonra Böyükşor, Dərnəgül və ətraf ərazilər yeni inkişaf mərhələsinə keçid edəcək:

“Bu zonalarda premium sinif mənzillərlə yanaşı, orta təbəqəyə uyğun yaşayış binalarının da inşası planlaşdırılır. Bu isə mənzil fondunun genişlənməsi ilə stabilləşməyə, ərazi tanındıqdan və oturuşduqdan sonra isə yenidən qiymət artımına gətirib çıxara bilər. Əhali sayının artması və daşınmaz əmlaka olan maraq bu sahəni hələ də ölkədə ən populyar investisiya istiqaməti olaraq saxlayır”.

V.Oruc qeyd edib ki, bu cür təşəbbüslər paytaxtın yaşayış və investisiya cazibəsini artıracaq, eyni zamanda yeni urban inkişaf modelinə keçidi sürətləndirəcək:

“Sözügedən layihə mənzil fondunun genişlənməsi baxımından bazara müsbət təsir göstərəcək. Uzunmüddətli perspektivdə həm mənzil təklifinin artmasına, həm də qiymətlərin müəyyən səviyyədə stabilləşməsinə yol aça bilər. Lakin ümumi kontekstdə sözügedən ərazidə qiymət artımı labüddür. Bu cür iri miqyaslı layihələrdə xərclər kifayət qədər böyükdür. Ərazinin sənaye zonası olması və geniş sahədə bir sıra infrastruktur işlərinin görülməsi tikinti mərhələsinə keçidi gecikdirə bilər. Bu isə əlavə maliyyə yükü yaradır. Nəzərə alsaq ki, artıq bir kvadratmetrin maya dəyəri günü-gündən artır, həmin ərazidə qiymətlərin aşağı olacağını gözləmək real deyil”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
11
globalinfo.az

10Mənbələr