AZ

Payızda dəriyə necə qulluq edək? - AÇIQLAMA

Hava şəraiti dəyişdikcə yalnız geyim tərzimiz yox, dərimizin ehtiyacları da dəyişir.    

Milli.Az xəbər verir ki, yayın isti və rütubətli havası keçdikcə dərimiz quru, soyuq və sərt havanın təsirinə məruz qalır. Bu isə bir çox dəri problemi ilə nəticələnə bilər. Dermatoloqlar xəbərdarlıq edir: Mövsüm keçidlərində düzgün dəriyə qulluq edilməzsə, sızanaqlar, ekzema, qızartı və quruluq kimi problemlər qaçılmaz olur.

Dermatoloqların sözlərinə görə, havanın kəskin dəyişməsi dəridə ani reaksiyalara səbəb olur:

"Xüsusilə payızın ilk aylarında temperatur fərqləri və rütubət azalması dəri baryerini zəiflədir. Bu dövrdə dəri özünü qorumaqda çətinlik çəkir, nəticədə quruluq, qıcıqlanma, qabıqlanma və sızanaqlar arta bilər." Mütəxəssislər bildirirlər ki, atopik dermatit (ekzema), rozasea və akne problemi olan insanlar bu keçid dövrlərində daha diqqətli olmalıdırlar. Hətta əvvəllər heç bir problemi olmayan şəxslərdə də mövsüm keçidləri zamanı dəridə xoşagəlməz dəyişikliklər yarana bilər. Yayda daha yüngül tərkibli nəmləndiricilər kifayət edə bilər, ancaq soyuq havada dərinin daha zəngin və qoruyucu formullara ehtiyacı var. Tərkibində spirt və ya güclü kimyəvi maddələr olan məhsullar dərini daha da quruda bilər. Daha yumşaq, qidalandırıcı təmizləyicilərə üstünlük verilməlidir. Günəşin şüaları payız-qış aylarında da dəridə zədələnmələrə səbəb ola bilər. Günəş qoruyucu krem il boyu istifadə edilməlidir. Balıq, avokado, qoz-fındıq kimi omeqa-3-lə zəngin qidalar və bol su dərinin daxildən də dəstəyini təmin edir.

Kosmetoloqlar isə xəbərdarlıq edir ki, bu dövrdə dərini çoxsaylı serum və maskalarla yükləmək əks təsir yarada bilər:

"Mövsüm keçidlərində əsas məqsəd dərinin balansını qorumaqdır. Çoxsaylı məhsul istifadəsi yerinə, sadə amma effektiv qulluq rutini daha faydalıdır".

Hər mövsümün öz gözəlliyi olduğu kimi, öz qayğısı da var. Soyuq havaya keçid zamanı dərinizə bir az daha diqqət yetirin ki, o da sizə sağlam görünüşlə təşəkkür etsin. Unutmayın, gözəl dəri təsadüf deyil, qayğının nəticəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
2
olaylar.az

3Mənbələr