AZ

Azərbaycandan beynəlxalq enerji aləminə açılan qapı

BTC-nin təməlinin qoyulduğu gündən 23 il keçir 

2002-ci il sentyabrın 18-də üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməli qoyuldu. "Əsrin müqaviləsi"ndən sonra bu, ölkəmizin neft-qaz sənayesində baş verən növbəti tarixi hadisə idi.

BTC-nin təməlinin qoyulması, əslində, "Əsrin müqaviləsi"ndən doğan reallıq idi. Belə ki, 1994-cü ildə imzalanan bu möhtəşəm saziş çərçivəsində 1997-ci ildə neft hasilatına başlandı. Hasilat getdikcə artırdı və yaxın illərdə daha çox neft əldə olunacağına şübhə yox idi. Bu səbəbdən də Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə müəllifi  Ümummilli Lider Heydər Əliyev olan BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.

Lakin vaxtilə "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə bu sazişin imzalanmasına mane olmaq istəyənlər yenidən baş qaldırdılar. İndi hədəfdə BTC idi. Ulu Öndər Heydər Əliyevin  gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində  bu maneələr də aradan götürüldü.

Kəmərin təməli qoyuldu. Həmin gün dünyanın diqqəti Bakiya yönəlmişdi. Təməlqoyma tədbirində Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihədə tərəfdaşlar olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri iştirak etdilər.

BTC artıq reallığa çevrilirdi. İşlərin mərhələlərlə həyata keçirilməsinə  başlanmışdı, Azərbaycanın və Gürcüstanın tikinti aparılacaq ərazilərinə xaricdən alınan borular gətirilirdi. Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən səslərini qaldırdılar. Əvvəllər Azərbaycanda  bu kəməri dolduracaq qədər  neftin olmadığı barədə əsassız fikir yayanlar indi başqa uydurmaya əl atdılar. Belə ki, bir sıra qeyri-hökumət təşkilatları kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Onlar  tikintini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq xəttin çəkilişinə etiraz edirdilər. Gürcüstan Respublikası dövlətinin və hökumətinin layihəni dəstəklədiyi, artıq işlərə start verildiyi bu məqamda belə bir məsələnin  ortaya atılması şübhə doğurmaya bilməzdi. Demə, burada da erməni "əli" varmış.

O zaman AŞPA-nın sədr müavini olan İlham Əliyev məsələnin nədən və haradan qaynaqlandığını açıqladı. Belə ki, ermənilər BTC-nin reallaşma mərhələsinə qədəm qoyduğundan narahat olub internetdə sayt açmışdılar və Beynəlxalq Maliyyə Korporasiyasına, Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər. 

Lakin Ümummilli Lider layihənin həyata keçirilməsinin bütün mərhələlərində olduğu kimi, yenə də  "BTC olacaq, olacaq, olacaqdır!" deyirdi. Bu baxımdan 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin  ovaxtkı  Prezidenti və  Vitse-prezidenti, ticarət  və energetika nazirləri, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri  ilə görüşdü. Beləliklə, BTC bu dəfə də çətinlikdən çıxdı. 

2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan " sarayında Prezident  İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı. Kəmər istifadəyə veriləndən sonra isə layihənin səhmdarları belə bir təşəbbüslə çıxış etdilər ki, BTC Ulu Öndər Heydər Əliyevin adını daşısın. Təklif Azərbaycan dövləti və xalqı tərəfindən məmnunluqla qarşılandı. 

Bu gün BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər Azərbaycana və ərazisindən keçdiyi ölkələrə birbaşa gəlirlər gətirməklə yanaşı, marşrut boyu yerləşən yaşayış məntəqələrinin icmalarının həyatına  sosial sərmayələri ilə də dəstək verir.

BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyev bu nəhəng qurğunun təməlini qoydu, Prezident  

İlham Əliyev bu işi uğurla davam  etdirərək  BTC-ni  möhtəşəm dəhlizlərə qovuşdurdu. Dövlətimizin başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik". 

Xatırladaq ki, uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan  xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Əvvəlcə gündə bir milyon barel neft ötürmək gücündə layihələndirilən boru xəttinin  gündəlik ötürücülük qabiliyyəti 2009-cu ilin yazından 1,2 milyon barelə çatdırılıb. Kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçalda yerləşir. İkinci stansiya da ölkəmizin ərazisində, Yevlax rayonundadır. Daha iki stansiya Gürcüstanda fəaliyyət göstərir. Qalan dörd stansiya Türkiyənin payına düşür.

BTC-nin səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,90 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), ONGC Videş (3,10 faiz), "EksonMobil" (2,50 faiz) və İNPEKS (2,50 faiz) şirkətləridir. 

2006-cı ilin ortalarında  istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilib və həmin neft həcmləri Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu ilin ilk altı ayı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və yola salınıb.

BTC fəaliyyətini fasiləsiz və təhlükəsiz davam etdirir. Hətta bir neçə il əvvəl Türkiyədə kəmərin keçdiyi ərazilərdə baş verən zəlzələ onun borularına heç bir ziyan vura bilmədi. Deməli, BTC zamanın hər sınağından keçərək inamla irəliləyir. 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr