AZ

Qəbiristanlıqların bələdiyyələrə verilməsi Milli Məclisin müzakirəsinə çıxarıldı...


Milli Məclisin ötən iclasında qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsi müzakirə olunub. Millət vəkilləri nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı məsələ qaldırıb: “Qəbiristanlıqlar tədricən bələdiyyələrə verilməlidir. Aztəminatlı ailələrin bələdiyyələr tərəfindən dəfn olunması bələdiyyələrin statusuna aid olan bir məsələdir”.

Maraqlıdır, qəbiristanlıqla bağlı idarəetmə bələdiyyələrə verilə bilərmi? Adıçəkilən qurum bu işin öhdəsindən gələ bilərmi?

Vüqar Tofiqli: “Qəbiristanlıqların bələdiyyənin mülkiyyətinə verilməsi məsələsi həll olunarsa, bələdiyyələr sakinlərə yüksək səviyyədə xidmət göstərər”

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2018-ci ildən etibarən qəbiristanlıqlar bələdiyyələrə verilib. Ancaq bütün qəbiristanlıqlar bələdiyyəyə verilməyib: “Qəbiristanlıqların idarə edilməsi vahid qaydada olmalı və aztəminatlı ailələrə sosial dəstək göstərilməlidir. Amma bunun uğurlu işləməsi üçün bələdiyyələrin həm hüquqi səlahiyyətləri, həm də maliyyə resursları genişləndirilməlidir. Aztəminatlı ailələrin dəfn xərclərinin bələdiyyə tərəfindən qarşılanması isə sosial müdafiə baxımından çox vacibdir. Çünki dəfn xərcləri yüksəkdir və bəzi ailələr üçün bu, ciddi yük yaradır. Əgər bələdiyyələr bunu öz vəsaitləri ilə həyata keçirəcəksə, onların büdcəsi də adekvat gücləndirilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qəbiristanlıqlar bələdiyyələrə təhvil veriləndən sonra onlar bu işin öhdəsindən uğurla gəlir: “Qəbiristanlıqların təmizlənməsi, mühafizəsi və digər xidmətlər bələdiyyələr tərəfindən həyata keçirilir. Onu da deyim ki, qəbiristanlıqların bələdiyyənin mülkiyyətinə verilməsi məsələsi həll olunarsa, bələdiyyələr sakinlərə yüksək səviyyədə xidmət göstərər”.

Elxan Əliyev: “Bələdiyyələrin tutumlu bir büdcəsinin formalaşması üçün maliyyə qaynaqlarına çıxışı təmin edilməlidir”

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bələdiyyələrlə bağlı Türkiyə təcrübəsindən istifadə olunmalıdır: “Qardaş Türkiyədə bələdiyyələrə böyük hörmət var və orda sistem tam olaraq oturuşub. Bələdiyyələr vətəndaşların ehtiyaclarını qarşılayır. Çünki büdcələri buna imkan verir. Bizdə də bələdiyyələrin tutumlu bir büdcəsinin formalaşması üçün maliyyə qaynaqlarına çıxışı təmin edilməlidir. Bizdə bəzi qəbiristanlıqlar bələdiyyələrin ixtiyarına verilib. Ancaq bir sıra problemlər var. Qəbir satanlar bəhanə edir ki, vətəndaş rayon qeydiyyatındadır, aparsın ölüsünü öz rayonunda dəfn etsin, ya da pul verib buradan alsın. Naçar qalan vətəndaş da pulla qəbir yeri alır. Hər bir vətəndaşın pulsuz dəfn edilmə hüququ var. Hər bir vətəndaşın yaşamaq haqqı olduğu kimi, eyni zamanda öləndə öz vətənində dəfn olunmaq haqqı var, özü də pulsuz. Tutaq ki, birinin pulu yoxdur, nə etməlidir? Bu sahəyə ciddi nəzarət olmalıdır. Aztəminatlı ailələr dövlətin güzəştindən, qayğısından məhrum olmamalıdır”.

Günel CƏLİLOVA

Seçilən
35
baki-xeber.com

1Mənbələr