AZ

Qətər İslam imperiyası qurur: Qərbin göz görə görə uduzur

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bugün dünyanın geosiyasi mənzərəsində səssiz, lakin dərin izlər buraxan bir oyunçu var – Qətər. Parlaq stadionlar, dünya çempionatları, yüksək səviyyəli diplomatik təşəbbüslər... Və bütün bu “parıltıların” arxasında gizlənən bir imperiya planı.

Bizimyol.info xəbər verir ki, İsrailin kəşfiyyat xidməti "Mossad"ın keçmiş rəsmisi, doktor Udi Levi açıq şəkildə bildirir: Qətər artıq Qərbi ələ keçirib. Təkcə iqtisadi baxımdan yox, mədəni və ideoloji təsir vasitəsilə də.

Levin fikrincə, Qətər "Müsəlman Qardaşları" ideologiyasına əsaslanan genişmiqyaslı bir strategiya ilə İslam imperiyasını yenidən qurmağa çalışır. Və bu imperiya artıq təməllərini atıb – Qərbdə, İsraildə, hətta Latın Amerikasında. “Əgər sən qərar qəbul edənləri təsirsiz hala gətirə bilirsənsə, deməli, sən artıq ölkəni ələ keçirmisən,” – deyə Levi bildirib.

Qətər lobbiçilik şirkətləri, universitetlər, mədəniyyət mərkəzləri, idman klubları, banklar, hətta texnologiya və media sektorları vasitəsilə nüfuz dairəsini genişləndirir. Hədəf sadədir: gələcək nəsli formalaşdıran bütün sistemləri öz ideoloji təsiri altına almaq. Bu nüfuzun arxasında təkcə neft və qaz pulları deyil, eyni zamanda strateji düşüncə və siyasi səbir dayanır. Qətər bu "yumşaq güc"lə, sanki şahmat oyunu aparır – bir neçə gediş qabağını düşünərək, rəqiblərinin müdafiəsini çökdürür.

“Qətər bu oyunu ustalıqla oynayır. Hətta bəzi israilli və yəhudi fiqurların da qeyri-ixtiyari dəstəyi ilə", - deyə Levi qeyd edib.

Sabiq Mossad rəsmisi Qətərin yalnız mədəniyyət və iqtisadiyyətlə deyil, eyni zamanda radikal islam və terror şəbəkələri ilə də əlaqədə olduğunu iddia edir. Onun sözlərinə görə, Qətər təkcə diplomatik müstəvidə deyil, eyni zamanda “gizli cəbhədə” də aktivdir – HƏMAS kimi qrupları dəstəkləməklə.

Dr. Levi 7 oktyabr qətliamında Qətərin İrandan sonra başlıca günahkarlardan biri olduğunu düşünür. O, İsrailin bu hadisədən dərhal sonra Qətərə qarşı sərt mövqe sərgiləməməsini ciddi səhv sayır: “O günlərdə dünya İsrailin yanında idi. Əgər İsrail Qətərə açıq ultimatum versəydi, beynəlxalq ictimaiyyətin reaksiyası tamam fərqli olardı”, - deyib.

Levin təəssüf hissi ilə qeyd etdiyi əsas məqamlardan biri də İsrailin Qətərlə bağlı illərdir apardığı "yumşaq" siyasətdir. Qəzzaya pul köçürülməsinə razılıq verilməsi, HƏMAS-ın güclənməsinə şərait yaradılması və Qətərin vasitəçi kimi tanınması – bütün bunlar, onun fikrincə, Qətərin oyun planına xidmət edib. “İsrail bu siyasətlə HƏMAS-ı qorudu və Qətərə özünü dost kimi göstərmək imkanı verdi. Amma sənədlər göstərir ki, bu dostluq saxta imiş”, - deyib.

Dr. Levi öz çıxışını çağırışla bitirir: “Qətərlə bağlı Qərbin aydın, prinsipial və sərt strategiyaya ehtiyacı var. Onun sözlərinə görə, artıq seçim etmək zamanıdır – ya demokratik dəyərlər, ya da səssiz şəkildə onlara zərbə vuranlarla əməkdaşlıq.

Bu sadəcə diplomatik məsələ deyil. Bu, Qərbin kimliyi uğrunda mübarizədir. İndi seçim etməyin vaxtıdır: Qapılarınızı açıq saxlayacaqsınız, yoxsa onları içinizə girən imperiya qarşısında bağlayacaqsınız?”, - deyə o qeyd edib.

Dr. Udi Levi bizi provokativ, lakin cavablandırılması vacib bir sualla üz-üzə qoyur: "Qətərin Qərbdə artan təsiri sadəcə siyasi diplomatiyanın nəticəsidir, yoxsa illərlə qurulan və hədəfi açıq olan ideoloji bir ekspansiyadır? Bu sual təkcə İsrailin deyil, bütün Qərb dünyasının cavab verməli olduğu bir çağırışdır. Vaxt isə sürətlə gedir".

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr