AZ

Kitablardakı mikrobların aşkar edilməsi

Çox gülməli epoxada yaşayırıq. Sadəcə, əsas odur gülməli əhvalat adamın öz başına gəlməsin. O zaman ağlamalı olur. Başqa bütün hallarda qıraqdan bax, qəhqəhə çək və bizə bu şəraitin yaradılmasına görə minnətdarlıq elə. Əslində gülməli əhvalatlar əvvəl-axır hamının başına gəlir və o zaman da əvvəl ağlayanlar sənə gülürlər. İnşallah, axırda hamımız yığışıb bir yerdə, elliklə gülüşərik. Məşhur afyorizmdə deyilən kimi: “Axırda gülən, yaxşı gülər”.

Ana yurdumuzdakı kitab dükanları şəbəkəsinin sahibəsi Nigar Köçərli Səhiyyə Nazirliyindən, lap konkret yazsaq oranın  Sanitariya-Karantin Mərkəzindən (SKM) şikayətçidir. Sözgəlişi, idarənin olduqca gözəl abbreviaturası var, təbrik edirəm. Uca göylər hər kəsə belə məna və məzmunlu qısaltma qismət eləmir. Mənim yadımda qalanı axırıncı belə idarə Sovet İttifaqı Kommunist Partiyası idi. Nəsə, söhbəti çox uzatmayaq, anekdot nə qədər qısa olsa əhalidə gülüşü artırır. 

Deyir bir nəfər İngiltərədən kitablar sifariş edib, dükan da 1000 manat ödəyərək onları gətizdirib. Lakin SKM kitabları müsadirə eləyib. Çünki kitablar sanitar-gigiyena sertifikatı almalıymış. Nəticədə dükan 1000 manatlıq kitablar üçün 1900 manat sertifikat pulu ödəyib. 

Lətifə bununla bitmir. Sən demə, idarə kitabları yenə dükana verməyib, əvəzində sertifikat verib! Bəs kitablar necə olub? Gəlin bunu idarənin cavabından sitatda oxuyaq, xoşhal olaq: “Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur”. Sitatın sonu. 

Yəni loru dildə desək, SKM idarəsi kitabları məhv edib. Yandırıb, cırıb, torpağa basdırıb, kanalizasiyaya axıdıb - hansı üsulla edib, bunu bilmirik. Amma belə başa düşürük ki, artıq ölkəmizdə ən təhlükəli məhsullar sırasına kitablar daxil olubdur. Əks halda, kimin ağlına gələrdi sərhədimizdən girən kitabları fiziki-kimyəvi, toksikoloji, mikrobioloji ekspertizadan keçirsin? Gör əhalinin sağlamlığı qayğısına necə dərindən qalırlar! Minnətdarıq. Gülmək məni tutub, yoxsa minnətdarlıqdan ağlayardım. Bəlkə də ağlayıram, sevinc göz yaşları ilə...

Bəs nüvə analizi? O cümlədən kitablar COVİD-19 virusuna, Ebolaya, SPİD-ə, nə bilim, vəba, taun, cüzam və sairə üzrə karantinə niyə məruz qalmır? Xaricdən gələn bütün kitablar 40 gün karantində saxlanmalıdır. Birdən onlardakı Kolorado böcəyi ölkəmizdəki kitabxanalara yayıldı, nəticədə Zəlimxan Yaqubun 12 cildlik seçilmiş əsərləri, Ramiz Mehdiyevin elmi araşdırmaları, Anarın “Beşmərtəbə”si, 2-ci Ramiz müəllimin “Qara kurtkalı qaqaş” poetik traktatı və sairə klassik ədəbiyyatımızı güvə yedi? Axı necə olur ki, quru sərhədləri zəhmətkeşlər üçün bağlıdır, ancaq kitablar sülənə-sülənə istədikləri yerə gedirlər? Buna qətiyyətlə son qoyulmalıdır! 

Təklif edirəm Əkrəm Əylislinin cızmaqaralarını da yenidən meydana toplayıb yandıraq. Elə-belə, təkrar üçün. Təkrar biliyin anasıdır.  

SKM-in milli kitabxana fondumuzun keşiyində ayıq-sayıq durması isə müvafiq dövlət qurumları tərəfindən lazımi səviyyədə qiymətləndirilməli, xaricdən gələn “şpion” kitabları, viruslu əsərləri can-qan bahasına aşkar edən əməkdaşlara orden və medallar verilməlidir. Cəbhə bəzən görünən olur, bəzən görünməyən. Xəlil Rzanın bir şeirində deyilən kimi: 

“Satqın kimə deyilir, 

Elə yalnız cəbhədə əlini qaldırana? 

Xeyr! 

Kainat bir cəbhədir, mən də daim cəbhədə, 

Bu cəbhədə üz-üzədir, qəhrəman da, ... də!"  

Seçilən
14
musavat.com

1Mənbələr