AZ

İsrail “Dəmir Şüa” adlı döyüş lazerini təqdim edib

Yeni silah dronları vurmaq gücünə malikdir və raketlərə nisbətən daha ucuz başa gəlir...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Nazirliyi yüksək gücə malik yeni nəsil lazer silahının hazırlanmasını başa çatdırıb. “Dəmir Şüa” adlanan bu döyüş lazeri 100 kilovat gücə malikdir və sınaqlar zamanı pilotsuz uçuş aparatlarını uğurla zərərsizləşdirmə qabiliyyətini nümayiş etdirib. Silahın dəqiq texniki göstəriciləri açıqlanmasa da, ilk nəticələr onun effektivliyini təsdiqləyib.

Mütəxəssislər bildirirlər ki, “Dəmir Şüa” ənənəvi raket sistemlərinə qənaətcil alternativdir. Belə ki, bir dronun lazerlə məhv edilməsi 5 dollardan az başa gəlir. Müqayisə üçün, adi raketlərin buraxılışı on minlərlə dollara başa gəlir. Bu da İsrailin müdafiə xərclərinə ciddi qənaət imkanı yaradacaq.

Bununla belə, yeni texnologiyanın müəyyən məhdudiyyətləri də var. Əsas problem onun buludlu hava şəraitində və aşağı görünüşlü mühitlərdə effektiv olmamasıdır. Buna görə də lazer sistemi tamamilə raket komplekslərini əvəz etməyəcək, lakin onları tamamlayacaq.

Rəsmi məlumatlara görə, yaxın aylarda “Dəmir Şüa” çoxsəviyyəli hava hücumundan müdafiə sisteminə daxil ediləcək və “Dəmir Qübbə”ni tamamlayacaq. İsrailin yeni planına əsasən, lazer kompleksinin 2025-ci ilin sonunadək ölkənin milli hava hücumundan müdafiə sisteminə tam inteqrasiyası nəzərdə tutulur.

Maraqlıdır ki, bu açıqlama İsrailin getdikcə artan beynəlxalq təcrid fonunda gəlib. Baş nazir Benyamin Netanyahu ölkənin təhlükəsizlik sahəsində daha çox müstəqilliyə nail olmalı olduğunu bəyan edib.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr