O, dördüncü dəfə hücuma məruz qalıb
Avropa İttifaqının ali idarəetmə strukturlarında siyasi təlatüm müşahidə olunur. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen həyatının ən çətin dövrlərindən birini yaşayır. Oktyabrın əvvəlində Avropa Parlamentində Komissiyaya qarşı etimadsızlıq müraciətləri üzrə səsvermə keçiriləcək. Bu, qurumun siyasi mövqeyini sarsıda bilər. Avropa Parlamentinin sədri Roberta Metsola deputatları prosedur barədə rəsmi şəkildə məlumatlandırıb.
Avroparlamentdə sağçı “Patriotlar Avropa uğrunda” fraksiyası ilə solçu qüvvələrin eyni mövqedən çıxış etməsi Ursula Fon der Lyayenə qarşı etirazın ideoloji sərhədləri aşdığını göstərir. Hər iki cinah onun apardığı iqlim siyasətini qeyri-effektiv və iqtisadi cəhətdən yanlış hesab edir, miqrasiya ilə bağlı yanaşmasını isə “qeyri-müəyyən və idarəolunmaz” adlandırır. Lyayen şəffaflıq prinsipinə əməl etməməkdə və hətta siyasi senzura ilə məşğul olmaqda da ittiham olunur. Bu isə artıq institusional etimad məsələsinə çevrilir. Avropa İttifaqı daxilində demokratiya və hesabatlılıq prinsiplərinin müzakirə mövzusuna çevrildiyi bir vaxtda ittihamlar Lyayenin imicinə ciddi zərbə vurur.
Artıq solçu qrup prosesə başlamaq üçün tələb olunan 72 imzanı toplaya bilib. İmzalar qrupa daxil olan 46 deputatın, əsasən, ispan və italyanlardan ibarət Yaşıllar/EFA fraksiyasının, eləcə də Almaniyanın radikal solçu “Sahra Vaqenknecht Alyansı” kimi bitərəf partiyaların nümayəndələrinin dəstəyi ilə əldə olunub. Etimadsızlıq müraciəti Komissarlar Kollegiyasının istefasını hədəfləyir və Avropa Komissiyasının ticarət strategiyası ilə bağlı narahatlıqları ifadə edir. Bundan başqa, solçu fraksiya sonuncu Aİ–ABŞ ticarət sazişini “zərərli, asimmetrik, qeyri-bərabər” və “demokratik mandat olmadan imzalanmış” sənəd kimi qiymətləndirir. Həmçinin Aİ–Mercosur sazişi də solçular tərəfindən kəskin tənqidə məruz qalır.
Bugünlərdə sol qrupun həmsədri Manon Obri “Euronews”a açıqlamasında bildirib ki, Avropa Komissiyasında layihələri güc yolu ilə keçirmək meyli var: “ABŞ-la imzalanan ticarət sazişi faktiki olaraq Aİ-ni Donald Trampın vassalına çevirəcək, Avropa kənd təsərrüfatını məhv edəcək”. Etimadsızlıq müraciətində, həmçinin “Avropa üzrə iqlim və sosial böhrana qarşı Komissiyanın heç bir tədbir görməməsi” də kəskin şəkildə qınanılır. Bütün bu səbəblərə görə müraciətə imza atan deputatlar belə nəticəyə gəliblər ki, Ursula Fon der Lyayen və onun komissarları istefa verməlidirlər.
Yeri gəlmişkən, iyul ayında Rumıniyalı sağçı, Avropa Parlamentinin deputatı Georg Piperea da Fon der Lyayenə qarşı etimadsızlıq təşəbbüsü irəli sürmüşdü. O, iddia edirdi ki, Komissiya rəhbəri “Pfizer” (Almaniya şirkəti) ilə peyvənd müqaviləsini qeyri-rəsmi kanallar vasitəsilə bağlamaqla hüququn aliliyinə əsaslanan şəffaflıq prinsiplərini pozub. Rumıniyalı siyasətçi Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində belə demişdi: “Dəyəri təxminən 35 milyard avro olan bir düzəlişi yalnız SMS yazışmaları ilə müzakirə etmək tamamilə qeyri-adi haldır”. Qeyd edək ki, Avropaya skeptik mövqeyi ilə tanınan Piperea “Rumıniya Birliyi Alyansı” (AUR) partiyasının lideri Corc Simionun tərəfdaşı idi. Üç il öncəyə nəzər yetirsək görərik ki, 2022-ci ildə “New York Times”ın jurnalisti Matina Stevis-Gridneff Lyayen ilə “Pfizer”-in baş direktoru arasındakı “Covid-19” peyvəndi ilə bağlı mətn mesajlarını açıqlamağı tələb etmişdi. Komissiya bu tələbi rədd etsə də, Aİ-nin ali məhkəməsi may ayında bu qərara qarşı çıxaraq, 2021-ci ildəki mesajların açıqlanmasını istəyib. Lakin komissiyadan bildirilib ki, “Covid-19” ilə bağlı heç bir yazışma tapılmayıb, çünki mətn mesajları “qısa müddətlikdir”. Məhkəmə və bir sıra ekspertlər bu cavabı məntiqsiz hesab etdi və sənədlərin niyə tapılmadığının izahını istədilər. Fransız akademik Emmanuel Dupuy (Lill Katolik Universiteti) bildirir ki, Fon der Lyayen “heç kimin özündən üstün olmadığını” düşünərək hərəkət edir və bunun nəticəsində “cəsarətli qərarlar” verir, bunlara “Pfizer” ilə peyvənd danışıqları da daxildir.
Məlumat üçün qeyd edək ki, indiyə qədər Aİ tarixində etimadsızlıq səsverməsi cəmi üç dəfə tətbiq olunub. Parlamentin qaydalarına əsasən, təqdim olunan hər etimadsızlıq müraciəti əvvəlcə hüquqi xidmətlər tərəfindən yoxlanılmalıdır. Müvafiq departamentin imzaları təsdiqləməsindən sonra parlamentin sədri Roberta Metsola dərhal deputatları məlumatlandırmalı və istefa tələbi üzrə plenar müzakirə elan edildikdən ən azı 24 saat sonra keçirilməlidir. Avropa Komissiyasının istefasına səbəb ola biləcək səsvermə isə həmin müzakirədən ən azı 48 saat sonra baş tutmalıdır. Çünki etimadsızlıq müraciətlərindən biri ifrat sağçı “Patriotlar Avropa uğrunda” qrupunun təqdim etdiyi müraciətdən bir neçə saat sonra irəli sürülüb. Buna görə də ehtimal olunur ki, parlament hər iki müraciəti oktyabrın əvvəlində müzakirəyə çıxaracaq və səsvermə keçirəcək. Bu, palatanın tarixində ilk dəfədir ki, komissiyanı devirmək üçün iki təşəbbüs eyni həftə ərzində nəzərdən keçiriləcək.
Bütün baş verənlərin fonunda mümkün bir ehtimalı gözdən qaçırmaq düzgün olmaz. Ursula Fon der Lyayenin Almaniyanın Lüneburq şəhərində anadan olması və karyerasını öz ölkəsində qurmasını nəzərə alsaq, ona qarşı təzyiqlərin artması təəccüblü görünməməlidir. Alman mənşəli Lyayen Fransa siyasətində bəzən “yad” kimi qəbul edilir. Bu, xüsusilə millətçilik və milli kimlik məsələlərinin ön plana çıxdığı məqamlarda daha çox hiss olunur. İndi ola bilsin ki, radikal sağçı qüvvələr Lyayenin etnik mənşəyini ona qarşı arqument kimi istifadə edərək Avrokomissiyada xaos mühiti yaratmağa çalışırlar.
Züriyyə QARAYEVA,
politoloq
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinin gündəmə gətirilməsi Brüsseldə siyasi balansların dəyişməsindən xəbər verir. Lyayenin alman əsilli olması və onun fəaliyyətində Almaniyanın prioritetlərinin əks olunması müəyyən hallarda Fransa siyasi elitasında narazılıq yaradıb. Xüsusilə Avropa İttifaqında fransızların təsir imkanlarının artması, “makronizm” adlandırılan siyasi yanaşmanın dominantlıq etməsi fonunda Lyayenin mövqeyi getdikcə zəifləyir. Bu vəziyyət, əslində, Aİ daxilində Almaniya ilə Fransa arasında tarixi rəqabətin yeni mini-forması kimi də qiymətləndirilə bilər. Əgər etimadsızlıq səsverməsi reallaşarsa, bu, təkcə Lyayenin karyerasına təsir etməklə bitməyəcək, həm də Avropa Komissiyası daxilində fransız təsirinin daha da güclənməsi ilə nəticələnə bilər. Digər tərəfdən, hazırki mərhələdə münasibətlərdə yumşalma müşahidə olunsa da, proses institusional maraqların və milli nüfuz savaşlarının diktə etdiyi gedişatla üz-üzədir. Beləliklə, Ursula Fon der Lyayen ətrafında yaranmış vəziyyət Aİ daxilində Almaniya–Fransa güc balansının növbəti sınağı kimi çıxış edir.
Nəzrin ELDARQIZI
XQ