Qarabağın sonuncu Zəfəri və antiterror əməliyyatının qüruru
Azərbaycan xalqı əsrlərlə azadlıq uğrunda mübarizə apardı, dövlətçilik yolunda saysız sınaqlardan keçdi. 2020-ci ildə tarixi Zəfər qazandıq, 2023-cü ilin 19–20 sentyabrında isə bu Zəfəri suverenliyin tam bərpası ilə taclandırdıq. Bu gün Azərbaycan xalqı qürurla deyir: “Biz qalib xalqıq, biz suveren dövlətik!” 19 sentyabr səhəri Qarabağda baş verən qanlı təxribatlar dövlətimizin səbr kasasını daşırdı. Erməni diversantlarının mina terroru nəticəsində günahsız insanlar şəhid oldu. Lakin bu dəfə Azərbaycan dövləti susmadı, cavabı qətiyyətli oldu. Cənab Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə Azərbaycan Ordusu antiterror əməliyyatına başladı. Cəmi 23 saatdan sonra erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan suverenliyi tam bərpa olundu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə bayrağımız ucaldıldı. Bu an xalqımızın əsrlik həsrətinin bitməsi idi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qarabağ Azərbaycandır!” Azərbaycan əsgəri dağlarda, qayalarda, istehkamlarla dolu mövqelərdə böyük rəşadət göstərdi. Düşmənin yüzlərlə texnikası, minlərlə silahı sıradan çıxarıldı. 406 kvadratkilometr ərazi düşməndən təmizləndi. Ən əsası isə mülki əhali qorundu. Qadınlar, uşaqlar, yaşlılar və xəstələrə humanist münasibət göstərildi. Bu, təkcə hərbi qələbə deyil, həm də Azərbaycan humanizminin təntənəsi idi. Antiterror əməliyyatı yalnız bir hərbi kampaniya deyildi, bu, Azərbaycan dövlətinin tarixi iradəsinin parlaq ifadəsi idi. Cənab Prezidentin imzaladığı Sərəncamla 19 sentyabr “Dövlət Suverenliyi Günü” elan olundu. Bu gün xalqımız üçün yalnız bir tarix deyil, həm də müstəqilliyin, ərazi bütövlüyünün, milli qürurun simvoludur. Bu gün Qarabağın hər guşəsində üçrəngli bayrağımız dalğalanırsa, bu, Prezident İlham Əliyevin dəmir iradəsi, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsindədir. Antiterror əməliyyatı Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri kimi xalq yaddaşına yazıldı.
Azərbaycan Respublikasının 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror əməliyyatı ölkə tarixində mühüm siyasi-hüquqi dönüş nöqtəsi oldu. Bu əməliyyat yalnız hərbi nəticələrlə deyil, həm də dövlət suverenliyinin tam təmin olunması ilə əlamətdar oldu. 2020-ci il 10 noyabr Bəyanatına əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması nəzərdə tutulsa da, 3 il ərzində bu öhdəlik yerinə yetirilmədi. Əksinə, bölgəyə əlavə hərbi qüvvə və texnika gətirildi, separatçı qurum “prezident seçkiləri” və “parlament bəyanatları” ilə Azərbaycanın ərazi bütövlüyünü təhdid etdi. Cənab Prezident İlham Əliyevin sözləri ilə: “Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi ki, ərazimizdə ikinci erməni dövləti yaradılmayacaq.” 19 sentyabrda erməni diversantlarının mina terroru və ardınca baş verən hücumlar Azərbaycanı hərəkətə keçməyə vadar etdi. Lokal antiterror əməliyyatı yüksək dəqiqlikli silahların tətbiqi ilə qısa müddətdə uğurla nəticələndi. 20 sentyabrda imzalanan kapitulyasiya aktı ilə Ermənistan silahlı qüvvələri və qanunsuz dəstələr tam tərksilah edildi. Əməliyyat zamanı Azərbaycan mülki əhalinin qorunması üçün xüsusi tədbirlər həyata keçirdi. Qarabağın erməni sakinlərinə xəbərdarlıqlar edildi, təhlükəsiz zonalar yaradıldı. Bu, həm beynəlxalq humanitar hüququn tələblərinə, həm də dövlətimizin humanist prinsiplərinə uyğun idi. Əməliyyatdan sonra Yevlaxda erməni icmasının nümayəndələri Azərbaycan rəsmiləri ilə görüşə məcbur oldular. Beləliklə, reinteqrasiya prosesi yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onların təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin olunacaq.” Antiterror əməliyyatı ilə Azərbaycan konstitusiya quruluşunu tam bərpa etdi. 28 sentyabrda separatçı qurumun ləğvi ilə Qarabağda dövlət suverenliyi birmənalı şəkildə təsbit olundu. 2024-cü ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncamla 19 sentyabr “Dövlət Suverenliyi Günü” elan edildi ki, bu da tarixi qələbənin siyasi-hüquqi əhəmiyyətini daha da möhkəmləndirdi. 19–20 sentyabr əməliyyatı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Bu əməliyyat hərbi, siyasi və hüquqi baxımdan ölkənin suverenliyini bərpa etməklə yanaşı, regionda uzunmüddətli sülh və sabitliyin əsasını qoydu.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.