AZ

ABŞ VƏ BRİTANİYA YENİ TEXNO-SAZİŞ BAĞLAYIB » AzadMedia.az

ABŞ

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfəri çərçivəsində Vindzor qalasında Kral III Çarlz tərəfindən rəsmi mərasimlə qarşılanıb. Səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

Rəsmi tədbirlər fonunda ABŞ və Böyük Britaniya arasında yeni texnologiya tərəfdaşlığı elan edilib. Baş nazir Keir Starmer və Prezident Trampın imzalayacağı müqavilə süni intellekt, nüvə enerjisi və həyat elmləri sahələrində əməkdaşlığı əhatə edir.

ABŞ-ın aparıcı texnologiya şirkətləri də Böyük Britaniyada böyük sərmayələr yatıracağını açıqlayıb. Microsoft 30 milyard dollar, Google isə 6 milyard 300 milyon dollar dəyərində layihələrə dəstək verəcək. Nvidia isə 120 min çip təchiz edərək 13 milyard 700 milyon dollar dəyərində süni intellekt infrastrukturunu formalaşdırmağı planlaşdırır.

Nvidia-nın baş direktoru Censen Huang bildirib ki, Böyük Britaniya süni intellekt inqilabında lider ölkələrdən birinə çevrilmək potensialına malikdir. OpenAI rəhbəri Sam Altman da ABŞ nümayəndə heyətinə daxil olan biznes liderləri sırasındadır.

Britaniya hökuməti ümid edir ki, milyardlarla dollarlıq sərmayə ilə müşayiət olunan bu əməkdaşlıq transatlantik əlaqələrin gücünü bir daha nümayiş etdirəcək.

Seçilən
9
1
azadmedia.az

2Mənbələr