AZ

“Cəmiyyətin ali təhsil, diplom sevgisi pedaqoji savaddan gözləntiləridir”

“Savadın iki növü var: pedaqoji savad və ictimai savad. Pedaqoji savad tədris proqramlarıyla əhliləşdirilmiş savaddır, çərçivələri var. Düşüncənin kənara sıçramasını yasaqlayır. Özünün qəlibləri və hərəkət ərazisi var. Qiymətləndirilmək vərdişlərinə sahibdir. Qiymətləndirilmədikdə küsür, inciyir, şikayət edir və sair”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey yazıb. Yazıçının sözlərinə görə,  ictimai savad pedaqoji qəliblərdən kənara çıxmış və bir daha evə dönməmiş savaddır: 

“Heç bir cərçivə və hərəkət ərazisi tanımaz. El dilində desək, burnu girməyən yerə başını soxar. Qiymətləndirilmək deyə bir dərdi olmaz. İnkişafın təlim-tədris mərhələsində ilişib qalmış cəmiyyətlərdə önəmli olan pedaqoji savaddır. Çünki ölçülə və nəzarət oluna biləndir. Gözlənilməzlik riski daşımaz. Tədris, yəni əhliləşdirmə prosesindən keçdiyi üçün təhlükəsizdir. Əlində sənədi var. Məsələn, bizim cəmiyyətin ali təhsil, diplom sevgisi pedaqoji savaddan gözləntiləridir. Çünki hər kəs gözünü açıb ictimai savadı olanların acından öldüyünü görür. Pedaqoji savadı olanların isə pis-yaxşı yaşamaq şansları var. Cəmiyyət özü də tək-tük ictimai savadı olanları fürsət tapdıqca aşağılayır, onları sosial sistemdən qovmağa çalışır. Çünki cəmiyyətin ictimai savada nəzarət edəcək, dəyərini ölçə biləcək mexanizmləri yoxdur. İctimai savad pedaqoji savadın fövqəl mərhələsidir, üstüdür”.  

A.Yenisey deyib ki, mədəniyyəti yaradan da, yeniləyən də ictimai savaddır:

“Pedaqoji savad qoruyandır. Nəsildən-nəsilə ötürəndir. Pedaqoji savad vərdişlər sistemidir. Təhsilin özünü də inkişaf etdirən ictimai savadlılıqdır. Pedaqoji savadla təhsil inkişaf edə bilməz. Çünki qəlibləri var. Qəlibdən kənara çıxsa ictimailəşəcək və risk faktoruna çevriləcək. Yəni bizim cəmiyyət pedaqoji savada deyil, ictimai savada münasibətini dəyişəndən sonra mənəvi-intellektaul səviyyədə inkişaf edəcək. Dərslikdə yavaş qaçan dovşanı bərk qaçan dovşanla əvəz etməklə cəmiyyət dəyişməz, inkişaf etməz”.

Vasif ƏLİHÜSEYN

Seçilən
11
1
adalet.az

2Mənbələr