Qazaxıstan Respublikasına səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Moskva və bütün Rusiyanın Patriarxı Kirillin təşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
Qazaxıstan Respublikasının informasiya və mədəniyyət naziri Aida Balayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştirakının perspektivlərindən danışılıb. Həmçinin Astana qurultaylarının və Bakının ev sahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığa dair beynəlxalq forum və təşəbbüslərdə müştərək iştirakın davamlılığının vacibliyi vurğulanıb.
Şeyxülislam A.Paşazadə Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun rəhbərliyinə, məsul şəxslərə dərin minnətdarlığını ifadə edib və bunu qardaş Qazaxıstanın daha bir uğuru kimi dəyərləndirib.
Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Əbdüssəlam ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin üzvü olduğu bu mötəbər qurumun qarşıdakı planlarından danışılıb. Azərbaycanın malik olduğu nümunəvi məzhəblərarası anlaşma modelinin dünya miqyasında islamdaxili dialoq üçün nümunə əhəmiyyəti xüsusi vurğulanıb və bu modelin təşviqi istiqamətində səylər müzakirə edilib.
Vatikanın Dinlərarası Dikasteriyasının Prefekti Kardinal Corc Ceykob Kuvakad ilə görüşdə Azərbaycan - Müqəddəs Taxt Tac arasında münasibətlərin, həmçinin Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Bu münasibətlərin ənənəvi olaraq davam etdirilməsinin və beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində davamlı olaraq inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, qarşıdakı planlar müzakirə edilib.
Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayı işini davam etdirir.