AZ

Rusiyada biznesmeni öldürməkdə ittiham olunan azərbaycanlı ilə bağlı qərar verildi

Sverdlovsk vilayət məhkəməsi iş adamı Aleksey Zubakinin qətlində ittiham olunan azərbaycanlı Nasimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü qüvvədə saxlayıb. Musavat.com Kommersant.ru-ya istinadən xəbər verir ki, prokurorluq dördüncü dəfə işə yenidən baxılması üçün müraciət etsə də, bu dəfə də məhkəmənin mövqeyi dəyişməyib.

Məmmədov 2022 və 2023-cü illərdə hakimlər tərəfindən yekdilliklə bəraət almışdı. Lakin hər dəfə apellyasiya məhkəməsi işi yenidən baxılmağa göndərirdi. Nəhayət, bu il məhkəmə qərarı qüvvədə saxlayaraq bəraəti “cinayətin törədilməsində iştirak etməməsi” ilə əsaslandırıb.

WhatsApp

Prokurorluq müdafiə tərəfini münsiflərə təzyiq göstərməkdə ittiham etsə də, məhkəmə bu arqumentləri qəbul etməyib.

Qeyd edək ki, qətl hadisəsi 2000-ci il dekabrın 21-də Yekaterinburqda qeydə alınıb. İş adamı Aleksey Zubakin səhər saatlarında “Mercedes-Benz” avtomobili ilə dostu və iş ortağı Dmitri Deyçi götürmək üçün binaya yaxınlaşarkən, naməlum şəxs ona yaxınlaşıb və 12 dəfə atəş açıb. Zubakin aldığı güllə yaralarından iki gün sonra xəstəxanada ölüb.

Hadisə vaxtı şübhəli şəxs saxlanılmayıb, Deyç isə şahid qismində ifadə verib. Yalnız 2022-ci ildə istintaq nəticəsində Dmitri Deyç, Mixail Klok və qətli törətməkdə şübhəli bilinən Nasimi Məmmədov həbs olunublar.

İstintaq versiyasına görə, Klokun sürücüsü Məmmədov 10 min dollar qarşılığında sifarişi qəbul edib. Lakin Klok və Deyç günahlarını etiraf edib istintaqla əməkdaşlıq etdiyi halda, Məmmədov üç məhkəmə prosesində də özünü təqsirli bilməyib.

Sonradan məlum olub ki, ailənin dostu kimi tanınan Deyç əslində sifarişçi olub. Onun motivi mənfəət bölgüsündəki narazılıqlar olub. 2023-cü ildə Deyçin ölümü səbəbindən ona qarşı iş dayandırılıb. Klok isə xəstəlik səbəbindən məsuliyyətdən azad edilib.

Məhkəmə prosesində ifadə verən şəxslərdən biri – “Gürza” adlı mühafizə şirkətinin keçmiş rəhbəri Valeri Povarov bildirib ki, Klok dəfələrlə Zubakini necə vurduğunu fəxrlə danışıb və bu cinayət qarşılığında pul, aylıq gəlir və Yekaterinburqda iki mərtəbəli mənzil alıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr