AZ

BMT İsrailin Qəzzada soyqırımı törətdiyini təsdiqləyib - Bəqai

BAKI, TurkicWorld, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Qəzzadakı hadisələrlə bağlı sərt bəyanatla çıxış edib.

TurkicWorld xəbər verir ki, o, BMT İnsan Haqları Şurasının Navi Pillayın rəhbərlik etdiyi Komissiyasının hazırladığı hesabatı əsas gətirərək, İsrailin soyqırımı niyyəti ilə hərəkət etdiyini bildirib.

O, qeyd edib ki, 72 səhifəlik hüquqi təhlilə əsaslanan hesabat İsrail hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin Qəzza əhalisini qismən və ya tamamilə məhv etməyə yönəlmiş niyyətini təsdiqləyib.

Bəqai, xüsusilə Böyük Britaniyanın məsuliyyət daşıdığını vurğulayaraq, bu ölkənin İsrailin hərəkətlərinə haqq qazandırmaqdan imtina etməli olduğunu deyib.

“1 sentyabrda Birləşmiş Krallığın o zamankı Xarici İşlər naziri Devid Lammi parlamentə ünvanladığı məktubda İsrailin soyqırımı törətmədiyini iddia etmişdi. Lakin BMT Komissiyasının araşdırması bu iddiaları tamamilə təkzib edib” – deyə sözçü bildirib.

İranlı diplomat əlavə edib ki, İsrailin Qəzzada törətdiyi vəhşiliklər, qətliamlar və beynəlxalq hüququn açıq şəkildə pozulması artıq şübhə doğurmur. Onun sözlərinə görə, İsrailin soyqırım cinayətlərində iştirak edən və onu dəstəkləyən dövlətlər hüquqi və mənəvi məsuliyyət daşıyır, bu cinayətlərdə iştiraklarını dayandırmalıdırlar.

Seçilən
3
1
turkic.world

2Mənbələr