Qanunvericiliyə “Yaşıl irs” anlayışının daxil edilməsi təklif olunub.
APA-nın xəbərinə görə, belə təkliflə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım çıxış edib.
Fatma Yıldırım deyib ki, çinar ağacı Azərbaycan təbiətinin mühüm simvollarından biridir: "Çinar ağacı təkcə yaşıl fondun elementi deyil, həm də tarixi-mədəni dəyər daşıyır. Lakin son illərdə baş verən iqlim dəyişiklikləri, küləklərin intensivləşməsi, torpaq strukturlarının pozulması və nəhayət, uyğun texniki nəzarət mexanizmlərinin olmaması nəticəsində bir çox qədim çinarlar ya kökdən çürüyür, ya da təbii fəlakətlər zamanı aşıb məhv olur. Son illərdə yalnız bizim bölgədə iki nəhəng çinar ağacı məhz bu səbəblərlə aşıb. Bu istiqamətdə təklif edirəm ki, “Yaşıl irs” anlayışı qanunvericiliyə daxil edilsin. Yəni bioloji, ekoloji və tarixi dəyəri olan ağaclar — xüsusilə çinarlar üçün ayrıca hüquqi status verilsin. Bu status çərçivəsində onların qeydiyyatı, pasportlaşdırılması, texniki monitorinqi aparılsın. Regionlarda “Yaşıl İrs Reyestri” yaradılmalı, ən azı yaşı 100-dən yuxarı olan çinarlar bu siyahıya salınmalı və illik texniki aktlar tərtib edilməlidir. Bərpa və qoruma tədbirləri çərçivəsində müvafiq ağacların fiziki dayanıqlığı artırılmalıdır. Məsələn, küləyə davamlılıq üçün dayaq direkləri, torpaq möhkəmləndirilməsi, ağac ətrafında nəmləndirmə zonaları kimi texniki tədbirləri qeyd etmək olar. Yerli icra hakimiyyətləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün normativ öhdəliklər müəyyən edilməlidir. Yəni ağac yalnız abidə deyil, həm də idarəolunan və qorunan canlı resurs kimi hüquqi kateqoriyaya keçməlidir. Beynəlxalq təcrübəyə nəzər salsaq, Türkiyədə “Anıt Ağaçlar” statusu mövcuddur. Həmin ölkələrdə bu ağaclar yalnız qorunmur — həm də maarifləndirici və ekoturizm obyekti kimi cəmiyyətə inteqrasiya edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən artıq Gəncə şəhərində III MDB oyunları ilə bağlı bu istiqamətdə müəyyən işlər aparılmağa başlanılıb. Bu prosesin ölkəmizin bütün regionlarında həyata keçirilməsi və bu istiqamətdə daha sistemli nəticələr əldə etmək üçün müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır. Biz bu gün tədbir görməsək, sabah təbiət abidəsi statusu daşıyan bu ağacların yox olması ilə həm ekoloji, həm də mədəni irsimizi itirəcəyik”.