AZ

Heyvanların hüquqlarının müdafiəsi istiqamətində islahatlar güclənir

Azərbaycanda heyvanların hüquqlarının müdafiəsi istiqamətində aparılan islahatlar yeni mərhələyə qədəm qoyub. Artıq Yeni İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə heyvanlara qarşı zorakılığa görə məsuliyyət daha da sərtləşdirilib. Bu, təkcə hüquqi məsələ deyil, həm də bir cəmiyyətin mənəvi göstəricisi, insanlığın güzgüsüdür.

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova canlı yayımda çıxış edərək diqqətçəkən bir məqama toxundu: heyvanlara əziyyət vermək, onların döyüşdürülməsi artıq inzibati məsuliyyət doğuran əməllərdir. Əgər bu vəhşilik nəticəsində heyvanın tələf olması baş verərsə, məsuliyyət daha da artır, cərimələr sərtləşdirilir. Bu, dövlətin açıq mesajıdır: heç bir vəhşilik cəzasız qalmayacaq.

Ancaq məsələ yalnız cərimə və inzibati məsuliyyətlə bitmir. Burada əsas sual budur: biz hansı cəmiyyətik və hansı dəyərlərlə yaşayırıq? Heyvanı döyüşdürmək, ona əzab vermək, əyləncə naminə ağrıya məhkum etmək insanlığın hansı tərəfinə yaraşır? Əgər bir cəmiyyət heyvana dəyər vermirsə, orada insan hüquqlarından danışmaq nə qədər səmimidir?

Sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz heyvanlara qarşı zorakılıq kadrları hər kəsi sarsıdır. Bu yalnız heyvanın faciəsi deyil, həm də bizim vicdanımızın sınağıdır. Uşaqların bu kimi mənzərələrin şahidi olması isə gələcək nəsillərin düşüncəsinə, empatiya hissinə mənfi təsir göstərir. Bir insan balaca bir canlının ağrı çəkdiyini görüb buna sevinirsə, sabah kiminsə ağrısına da biganə qala bilər.

Unutmayaq ki, heyvanların hüquqlarının müdafiəsi həm də insan cəmiyyətinin dəyərlərini formalaşdırır. Dünyanın inkişaf etmiş ölkələrində heyvanlara qarşı zorakılıq təkcə inzibati məsələ kimi deyil, həm də mənəvi məsuliyyət kimi qəbul edilir. Çünki bu münasibət, əslində, insanın öz güzgüsüdür.

Azərbaycanın atdığı bu addımlar isə həm hüquqi, həm də mənəvi baxımdan əhəmiyyətlidir. Bu dəyişikliklər təkcə heyvanları qorumaq üçün deyil, insanları da dəyişmək üçün lazımdır. Çünki heyvana dəyər verən, onu qoruyan, ona qayğı göstərən insan həm də insanlığa, öz vicdanına hörmət edən insandır.

Seçilən
4
aznews.az

1Mənbələr