Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi, regionun gələcək təhlükəsizliyi və davamlı sülhü üçün ən kritik mərhələlərdən biridir. 30 ilə yaxın davam edən işğal dövründən sonra sərhədlərin dəqiq müəyyənləşdirilməsi, təkcə dövlətlərin ərazi bütövlüyünü təmin etmir, həm də regionda yeni geosiyasi balans yaradır. Bu prosesin fonunda Ermənistan tərəfinin müəyyən pozitiv siqnallar verməsi, həm 4 işğal olunmuş kəndin qaytarılması məsələsində, həm də yekun sülh müqaviləsinə gedən yolda mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaradılmış komissiyalar mütəmadi görüşlər keçirərək aktiv fəaliyyət göstərir:
“Sərhədlərin delimitasiyası olduqca mürəkkəb bir prosesdir. Komissiya üzvləri bu məsələ ilə bağlı mövcud fikir ayrılıqlarını müzakirə edir, ortaq məxrəcə gələrək sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində razılıq əldə edirlər. Hazırda Ermənistanın işğalı altında qalan 4 kəndimiz də müzakirə mövzusudur. Son günlər Ermənistan hakimiyyətinin həmin kəndlərin qaytarılmalı olduqlarına dair müsbət mesajlar səsləndirdiyini müşahidə edirik. Təbii ki, delimitasiya prosesi çərçivəsində 4 kəndimizin taleyi ilə bağlı da qərar veriləcək və sərhəd xəttinin ədalətli şəkildə müəyyənləşdirilməsi üçün iş davam etdiriləcəkdir”.
Deputat həmçinin vurğulayıb ki, uzun müddət dayanmış delimitasiya prosesinin yenidən aktiv fazaya keçməsi mühüm yenilikdir:
“8 avqustda Vaşinqtonda imzalanmış sülh razılaşmalarından sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün imkanlar daha da genişlənib. Bu baxımdan sərhədlərin delimitasiyası da davamlı sülhün təmin olunmasına xidmət edən prosesin vacib tərkib hissəsidir”.
//Gülnarə Abasova, Editor.az