Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 18 sentyabr, AZƏRTAC
Ərəb ölkələrinin Azərbaycana artan marağı onun regional və qlobal siyasətdə rolundan irəli gəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert İvan Us bildirib.
Onun sözlərinə görə, BƏƏ və digər ərəb ölkələrinin Azərbaycana marağının artması təsadüfi deyil. Onlar beynəlxalq arenada geosiyasi çəkilərini gücləndirmək məqsədilə etibarlı tərəfdaşlarla əlaqələr qurmağa çalışırlar və bu baxımdan Azərbaycan onlar üçün mühüm ölkəyə çevrilib.
Ekspert vurğulayıb ki, son illərdə Azərbaycanın regional və qlobal siyasətdə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Azərbaycan regionda yalnız sabitləşdirici rol oynamır, həm də mühüm beynəlxalq təşəbbüsləri ilə diqqət çəkir. Bu isə ərəb ölkələrinin marağını daha da artırır.
O əlavə edib ki, hazırda ərəb dünyasının prioritetlərindən biri Suriyanın bərpasıdır və əldə olunmuş razılaşmalara görə, bu prosesdə Azərbaycanın da mühüm rolu olacaq. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və balanslı siyasəti onu bu prosesdə etibarlı tərəfdaş kimi ön plana çıxarır.
“Ərəb ölkələrinin Azərbaycana marağının digər əsas səbəbi enerji amilidir. Onlar başa düşürlər ki, Azərbaycanla əməkdaşlıq edərək Türkiyə üzərindən Avropaya yeni enerji marşrutları formalaşdırmaq mümkündür. Bu isə Avropa bazarında Rusiyanın mövqelərinin əvəzlənməsinə xidmət edə bilər”, - deyə İvan Us vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.