AZ

57 ölkə hərəkətə keçir İsrailə birgə hücum olacaq?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qətərin paytaxtı Dohada keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında 57 müsəlman ölkəsi, o cümlədən 22 ərəb dövləti İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı sərt bəyanatlarla çıxış etdilər. Təcavüzü pisləyən və dayanması üçün çağırış edən bu çıxışlar, qlobal mediada geniş yer alsa da, real təsir gücü baxımından səmərəsiz görünür. Çünki Dohadan yüksələn hay-küylü bəyanatların səsi hələ çəkilməmişdi ki, İsrail ordusu Qəzzaya daha da irəliləyən yeni mərhələni başlatdı.

Daha diqqətçəkəni isə İsrailin bu əməliyyatları sadəcə Qəzza ilə məhdudlaşdırmamasıdır. Son aylar ərzində Təl-Əviv Livan, Suriya, Yəmən, İran və hətta Qətər kimi ölkələrə yönəlik müxtəlif formalarda hərbi və ya kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirsə də, beynəlxalq birlikdən ciddi bir sanksiya və ya siyasi təzyiqlə qarşılaşmayıb.

Bəzi iddialara görə, İsrail budəfəki Qəzza hücumunu yalnız hərbi deyil, diplomatik təhdidlərlə də müşayiət edir, xüsusilə Çin və Qətərə qarşı yönəlmiş mesajlar Təl-Əvivin regional güc balansında öz mövqeyini necə sərt şəkildə qurmağa çalışdığını göstərir.

Niyə bu qədər ölkə bir araya gəlsə də, İsrail cəzasızlığı davam etdirə bilir? Daha vacibi — beynəlxalq hüquq və regionun gələcəyi bu proseslərdən necə təsirlənəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, BMT Komissiyasının da bəyan etdiyi kimi, İsrailin 2023-cü ilin 7 oktyabrından bəri Qəzzada törətdikləri soyqırıma bərabərdir:

“Odur ki, İsrail tarixdə indiyədək heç vaxt olmadığı qədər beynəlxalq siyasi basqı altındadır. Bu, sadəcə ərəb-müsəlman dünyasından gələn basqı deyil, eyni zamanda Avropa İttifaqı da İsraili qınayır və onun törətdikləri fonunda sərt münasibət sərgiləyirlər. Məsələn, ABŞ-dan Avropaya əsas keçid sayılan Cəbəllütariqdə nəzarət imkanları olan İspaniya İsrailə silah embarqosu qoyub. Bu çərçivədə İspaniya hökuməti bəyan edib ki, İsrailə göndəriləcək hərbi avadanlıqlarla bağlı ixrac əməliyyatlarına, həmçinin ispan limanlarına İsrail hərbi qüvvələrinin yanacaqdaşıyan gəmilərinin daxil olmasına izn verməyəcək.

İrlandiya, Niderland, Fransa və Almaniya xüsusilə sərt reaksiyalar verərək, insan hüquqlarını pozması səbəbilə Avropa İttifaqının İsraillə ticarət müqaviləsinin (assosiasiya sazişinin) qismən dayandırılmasını, İsrail mallarına əlavə vergilər qoyulmasını və s. tələb ediblər. Aİ xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasın bu məsələyə münasibət bildirməsi artıq onu göstərir ki, ilk dəfə İsrailə qarşı iqtisadi sanksiya tətbiqini müzakirə etmək üçün bu ilin 15 iyulunda toplaşan Aİ bu məsələdə artıq qərarlıdır. Doğrudur, Aİ və İsrail arasında ticarət dövriyyəsi müharibənin başlanmasından ötən dövrdə artaraq 2024-cü ildə 42,6 milyard avro olub və bu göstərici ilə Aİ İsrailin ən böyük ticarət tərəfdaşıdır.

Şəhla Cəlilzadə

Bu gün Təl-Əvivə qarşı ən sərt mövqe nümayiş etdirən ölkələrdən olan Niderland İsraildəki demək olar, ən böyük investordur. Aİ-nin İsraildəki ümumi investisiyalarının 2/3 hissəsi bu ölkənin payına düşür. Bununla belə, Aİ iqtisadi təzyiqlə İsrailin əməliyyatını dayandıra biləcəyini düşünür. Halbuki, Rusiya və İran nümunəsində iqtisadi təzyiqin keçərli olmadığı və bundan yan keçmənin yetərincə yollarının olduğu bir gerçəkdir. Ərəb-müsəlman ölkələrinin İsrailə təzyiqinə gəlincə, bu, sadəcə siyasi xarakter daşıyır. Bu ölkələrin İsrailə qarşı iqtisadi təzyiq formalaşdırmaq potensialı demək olar ki, yoxdur. Belə ki, İsrail bu ölkələrdən nə ticari, nə enerji asılılığına malik deyil. İsrailin neft idxalının 60%-dən çoxu Azərbaycan və Qazaxıstanın payına, qalan hissəsi Afrika ölkələri, o cümlədən Misirin payına düşür. Həmçinin qaz idxalında da yerli istehsal və Misirin payı var.

Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada İƏT və Ərəb Liqasının birgə Zirvəsində İsrailə qarşı sanksiya çağırışı etsə də (Türkiyənin hava məkanını da İsrail üçün bağlayıb), qəbul edilən birgə bəyannamədə belə bir çağırış yer almır:

“Livan, Yəmən və hazırda ilk dəfə olaraq Qətərin İsrailin hərbi hədəfinə tuş gəlməsinə baxmayaraq bir sıra Ərəb-İslam ölkələri vaxtilə bir neçə dəfə (1948-49, 1956, 1967, 1973, 1982) İsraillə müharibənin acı nəticələrini öz üzərlərində hiss etdikləri üçün yeni regional müharibəyə getməyə də hazır deyillər. Halbuki, birgə bəyannamədə kollektiv təhlükəsizlik və birlik çağırışları var. Lakin bu çağırışlar real nəticə yönümlülükdən uzaqdır.

Bu çağırışları sadəcə İsrailə beynəlxalq təzyiqlərin artırılmasını təşviq adlandırmaq olar. Onu da qeyd edim ki, Azərbaycan BMT Baş Assambleyasında 12 sentyabrda qəbul edilən, İsrailin Qəzzadakı fəaliyyətini pisləyən bəyannamənin lehinə səs verərərək, regionda sülhün təmin olunmasının yeganə yolunun iki dövlətli həll modeli olması ilə bağlı siyasi mövqeyini sərgiləyib. Beləliklə, İsrail bu həll modelini hərbi işğal yoluyla de-fakto gündəmdən çıxarmaqla məşğulkən, dünya birliyinin bu mövzuda təzyiq xarakterli hər hansı güclü iqtisadi-hərbi təsir göstərəcəyini düşünmürəm”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr