Bakı, 18 sentyabr, AZƏRTAC
Gənclər Fondu tərəfindən iyunun 23-dən iyulun 30-dək “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qrant müsabiqəsinin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü nəzərə alınaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılmasıdır.
Fondun Müşahidə Şurasının Qərarına əsasən, 39 gənclər təşkilatının və 86 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Qrant müqavilələrinin imzalanması üçün qaliblər oktyabrın 15-dək Gənclər Fondunun ofisinə müraciət edə bilərlər.
Müsabiqə qaliblərinin siyahısı ilə Fondun rəsmi internet saytından tanış olmaq mümkündür.