Nə Qərb ölkələri, nə də Ukrayna onu vasitəçi kimi qəbul etməyəcək
Çin Ukrayna böhranının və digər qlobal münaqişələrin siyasi həllinə fəal şəkildə kömək edəcək.
Bu bardə Çin xarici işlər nazirinin köməkçisi Xun Ley bildirib.
"Çin Ukrayna böhranının və Fələstin-İsrail münaqişəsinin həlli üçün müxtəlif yanaşmaları ciddi şəkildə öyrənir və həyata keçirir", - o, Pekində keçirilən 12-ci Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı vurğulayıb.
Eyni zamanda, ekspertlər hesab edirlər ki, Pekinin bu mövzuda fəallığı həm də Çinin qlobal siyasətdə vasitəçi obrazını möhkəmləndirmək niyyəti ilə bağlıdır. Xüsusən də Ukrayna böhranı və Yaxın Şərqdəki gərginlik fonunda Çin beynəlxalq arenada balanslı mövqe nümayiş etdirməklə həm iqtisadi tərəfdaşlarını qorumağa, həm də siyasi nüfuzunu artırmağa çalışır.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, bunlar daha çox ümumi xarakterli siyasi açıqlamalardır:

"Yəni, bu məsələdə Çinin real bazası olmadığını düşünürəm. Ukrayna münaqişəsinin həllində Çin hansı töhfəni verə bilər? Axı, Çin burada tərəfdir və Rusiya ilə dolayısı və ya açıq şəkildə bu münaqişədə iştirak edir. Belə olan halda nə Qərb ölkələri, nə də Ukraynanın özü onu vasitəçi kimi qəbul etməyəcək. Hətta rəsmi Kiyev reaksiyasını da çox gözlətməyib. Onlar açıq şəkildə bildiriblər ki, Çin hətta sülhməramlı qüvvələr göndərmək istəsə belə heç bir halda vasitəçi ola bilməz. Ukrayna deyir ki, bizim ehtiyacımız olduğu vaxt Pekin yanımızda olmayıb, indi isə istəmirik. Düzdür, Ukrayna ilə Çin arasında müəyyən texnoloji əlaqələr mövcuddur. Amma bu, Pekinin Kiyev üzərində xüsusi təzyiq və təsir imkanlarına malik olması demək deyil. Ona görə də indiki halda Çin yalnız Rusiya ilə eyni blokda və ya mövqedən çıxış edə bilər".
Fələstin məsələsinə gəlincə, analitik əlavə edib ki, burada Çin müəyyən qədər rolunu gücləndirib:
"Qəzzaya edilən hücumların pislənməsi, insan tələfatları, aclıq, qida çatışmazlığı və İsrailin kütləvi qətliamları bağlı məsələlərdə Çin Rusiyayla eyni mövqedən çıxış edir. Başqa sözlə, Fələstini müdafiə edir və İsraili qınayır. Burada sanki rəsmi Pekin Kremlin xarici siyasətdəki bəzi konturlarını özününküləşdirir.
Eyni zamanda, hər iki ölkə – həm Rusiya, həm də Çin İsraillə münasibətləri tam zədələmədən, Fələstin məsələsində paralel siyasət yürütməyə çalışır. Bununla belə, Fələstinə dəstək verdiklərinə görə Pekin və Moskva ilə Təl-Əviv arasında müəyyən narazılıqlar da mövcuddur. İsraillə bağlı məsələlərdə isə daha çox ABŞ-ın və bəzi Qərb ölkələrinin dəstəyini görürük. Buna görə də Çinin birbaşa müdaxiləsi və arbitrlik rolu mümkün deyil. Amma BMT çərçivəsində və ya qlobal bir razılaşma olacağı təqdirdə İsraili dəstəkləyən tərəf kimi ABŞ, Fələstini dəstəkləyən tərəf kimi isə Rusiya və Çin dolayısı ilə prosesdə iştirak edə bilərlər".