AZ

Rus ordusunun yeni irəliləyişi: Münaqişə daha uzunmüddətli olacaq

Rus ordusunun strateji əhəmiyyət daşıyan Pokrovsk şəhərinə daxil olması həm Ukrayna daxilində, həm də beynəlxalq arenada ciddi narahatlıq doğurub. Bu hadisə müharibənin gedişatında mümkün dəyişikliklərə səbəb ola bilər.

Ukraynada humanitar böhran dərinləşir, eyni zamanda beynəlxalq qüvvələrin reaksiyası da getdikcə sərtləşir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, rus ordusunun bu irəliləyişi  ilk növbədə, cəbhə xəttindəki mövcud balansı dəyişdirə bilər. Onun sözlərinə görə, əgər şəhər strateji əhəmiyyət daşıyırsa, Ukraynanın müdafiə imkanları zəifləyəcək:

“Bu, Rusiyanın danışıqlar masasında daha üstün mövqedən çıxış etməsinə şərait yarada bilər. Həmçinin, münaqişənin regional təhlükəsizlik müstəvisində daha da dərinləşməsi ehtimalını artırır”.

“Ukraynalıların təşvişi daha çox hansı amillərlə bağlıdır: humanitar, yoxsa hərbi səbəblərlə” sualına cavab verən politoloq qeyd edib ki, burada hər iki faktor bir-birini tamamlayır. Z.Qarayeva bildirib ki, hərbi baxımdan şəhərin itirilməsi cəbhədə geriləmə deməkdir. Humanitar baxımdan isə mülki əhali üçün kütləvi köç, qida və dərman çatışmazlığı kimi problemlər yaranır. Ona görə də təşviş həm cəbhədə, həm də gündəlik həyatda özünü göstərir.

Züriyə Qarayeva: Yaxın perspektivdə diplomatik həllin çətin, amma zəruri olduğu aydın görünür

Bu hadisəyə beynəlxalq tərəflərin reaksiyasına gəlincə, müsahibimiz hesab edir ki, Qərb ölkələri Rusiyanın bu addımını sərt tənqid ediblər və yeni sanksiyaların gündəmə gətirilməsi ehtimalı yüksəkdir:

“ABŞ və Avropa İttifaqı eyni zamanda Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirməyi planlaşdırır. Digər tərəfdən, neytral mövqe tutan dövlətlər sülh danışıqlarına çağırışlarını gücləndiriblər. Bu isə göstərir ki, hadisə artıq qlobal güclərin maraq dairəsindədir”.

Züriyə Qarayevaya görə, əgər tərəflər hərbi üstünlük qazanmağa çalışmağa davam etsələr, münaqişə daha uzunmüddətli olacaq. Dediyinə görə, Ukraynanın müqaviməti güclü qalsa belə, humanitar yükün artması cəmiyyətin dözümlülüyünü sınağa çəkir:

“Rusiya isə hərbi irəliləyişlərini siyasi üstünlüyə çevirmək niyyətindədir. Buna görə də yaxın perspektivdə diplomatik həllin çətin, amma zəruri olduğu aydın görünür”.

Zülfü Məmmədov

Seçilən
18
1
bakivaxti.az

2Mənbələr