AZ

Deputat: “Maaşlardan vergilərin tutulması, güzəştlərin ortadan qalxması yeni sosial yükün artmasına gətirib çıxara bilər”

“Maaşdan gəlir vergisi tutulması istənilən səviyyədə insanların sosial vəziyyətinə təsir göstərəcək. Çünki nağdsız ödəmələrdən yaranan kifayət qədər problem var. Adi futbol komandasına belə köçürülən vəsaitin əvvəlki nağd formadan xeyli aşağı düşməsi, digər vətəndaşların da müqavilədən sonrakı durumu, müqavilədə rəqəmlərin reallığı əks etdirməməsi və başqa məsələlərdə problem yaradır. Hökumət yollar axtarır ki, büdcəyə vəsaitin daxil olmasını təmin etsin. Təbii ki, ən optimal yol büdcə vəsaitlərinin izafi xərclənməsinin qarşısını almaqdır. Bu istiqamətdə bütün məqsədə nail olunduğunu hesab etmirəm, amma müəyyən işlər görülür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa deyib.

 

“Sosial tələb baxımından vətəndaşların əhəmiyyətli hissəsinin sosial müdafiəyə ehtiyacı olduğunu nəzərə alaraq maaşlardan vergilərin tutulması, güzəştlərin ortadan qalxması yeni sosial yükün artmasına gətirib çıxara bilər. Çünki bəzi sahələrdə güzəştli müddətlər nəzərdə tutulmuşdu. Bu müddətlərin bir qisminin ortadan qaldırılması ilə bağlı işarələr var. Ümid edirəm, bütövlükdə sosial vəziyyəti gərgin olan insanların durumunu bir də diqqətli analiz edib, elə optimal qərarlar qəbul olunacaq ki, bu siyasətin kəskin təsiri özünü insanların yaşamında hiss etdirməsin”, - F.Mustafa bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 Sentyabr 2025, 14:44   
Seçilən
26
pravda.az

1Mənbələr