AZ

Xaricdə təhsil proqramı sərtləşdirilir - "Get oxu, amma geri qayıt"

Elm və təhsil naziri Emin Əmrullayev ötən günlərdə AzTV-nin "Hədəf" proqramında bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramına qəbul prosesinin şərtləri daha da sərtləşdirilə bilər. Maraqlıdır, bu dəyişikliklər hansı səbəbdən zəruri hesab olunur və yeni qaydalar kimlərə təsir göstərəcək?

Bu barədə News24.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, cari ildə xaricdə təhsil üzrə dövlət proqramına 900-ə yaxın müraciət daxil olub. Onun sözlərinə görə, bu, dövlət proqramına ictimai marağın və etimadın yüksək göstəricisidir:

“Bu tendensiya dövlətin təhsil siyasətinin əhəmiyyətini və gənclərin qlobal təhsil mühitinə inteqrasiya meylini əks etdirir. Seçim meyarlarının sərtləşdirilməsi isə təsadüfi deyil. Xaricdə təhsil üçün ayrılan dövlət vəsaiti hər bir tələbə üçün strateji sərmayədir. Bu vəsait yalnız yüksək bilik və bacarığa malik, təhsilini başa vurduqdan sonra ölkəyə qayıdaraq qazanılmış təcrübəni tətbiq etməyə hazır olan gənclərə yönəldilməlidir”.

Ekspertin fikrincə, əvvəlki illərin təcrübəsi göstərib ki, proqramdan yararlanan bəzi tələbələr ya təhsili yarımçıq qoyub, ya da vətənə geri dönməyib:

“Bu hallar dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olub. Nazirliyin "ən yaxşıların ən yaxşısı" prinsipini əsas götürməsi də məhz bu ehtiyacdan irəli gəlir”.

Kamran Əsədov əlavə edib ki, meyarların sərtləşdirilməsi gəncləri daha ciddi hazırlaşmağa vadar edir və onların yüksək reytinqli universitetlərdə oxumaq şansını artırır:

“Amma sosial-iqtisadi imkanları məhdud, lakin intellektual potensialı yüksək olan gənclər bu şərtləri qarşılamaqda çətinlik çəkə bilərlər. Ona görə də həmin kateqoriya üçün əlavə dəstək mexanizmlərinin yaradılması vacibdir”.

Daha bir təhsil eksperti Elmin Nuri də bildirib ki, bu proqrama müraciət edənlərin sayı ildən-ilə artır:

“Xaricdə təhsil proqramına müraciət edənlər sıradan tələbələr deyil, yaşıdları arasında bilik və bacarıqları ilə seçilən gənclərdir. Onların seçimi böyük məsuliyyət və çətinliklər yaradır. Xüsusən də müsahibə mərhələsində hazırlıqlı gənclər arasından seçim etmək çox çətin olur”.

Elmin Nuri vurğulayıb ki, ələnmə prosesi labüddür:

“Şərtlərin sərtləşdirilməsi gələcəkdə daha hazırlıqlı kadrların seçimini asanlaşdırır”.

Xeyrənsə Piriyeva


Seçilən
46
news24.az

1Mənbələr