Azərbaycanın Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinə yatırdığı sərmayələrin həcmi 21 milyard ABŞ dollarına yaxındır.
FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının-vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqtisadi əlaqələrimizin dinamikası məmnunluq doğurur:
"Bu ilin yanvar-iyul aylarında bizim TDT dövlətləri ilə ticarət əlaqələri 8 faizdən çox artıb. Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcmi 21 milyard ABŞ dollarına yaxındır. Üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızla biz birgə investisiya fondları yaratmışıq və bu, prioritet iqtisadi sektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir".
Baş nazir Ə.Əsədov qeyd edib ki, nəqliyyat sahəsində əməkdaşlığımız artan xətlə inkişaf edir və regional əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir:
"Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır.
Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi barədə bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq". (Apa)