AZ

“Parkovşik“ işləyən futbol hakimi...

Azərbaycanda niyə futbol yoxdur? Bu suala uzun-uzadı cavab axtarmağa ehtiyac yoxdur. Cavab bəzən gözümüzün qarşısındadır. Futbolla nəfəs alan, minlərlə uşağa topla məharətlə oynamağı, meydanın qaydalarını, idmanın əxlaqını öyrədən insanların taleyinə baxmaq kifayətdir. Həmkarımız Vüsal Mehdiyev Sumqayıtda keçmiş futbolçu, hakim Akif Adıgözəlovla görüşüb.

XəzərNews.az görüş haqda Vüsal Mehdiyevin fikirlərini təqdim edir:

"Şəkildə gördüyünüz adamla Sumqayıtda təsadüfən tanış olduq. Keçmiş futbolçu, uşaq futbolunda müəllim və futbol hakimi.

61 yaşı olan Akif Adığözəlov Sumqayıtda "parkovşik"liklə birtəhər dolanmağa çalışır. Dediyinə görə, gündəlik 5-10 manat qazancı olur.

Əvvəlcə dediklərinə şübhə ilə yanaşdım. Axtarış sistemində onunla bağlı məlumatlar dediklərini təsdiqləyirdi.

Bir neçə il əvvəl konkret.az saytında onunla bağlı maraqlı reportaj da yayılıb.

Akif müəllim Sovetlər İttifaqı dönəmində Sumqayıtın "Kaspi" adlı klubunda oynadığını bildirir. Hətta iki il Lvov klubunda legioner həyatı yaşadığını da iddia edir. Ciddi zədə səbəbindən Ukrayna karyerasını yarımçıq qoyaraq, vətənə dönüb.

Sonralar uşaq futbolunda müəllim, ölkə çempiontının oyunlarında yan xətt hakimi olub.Təxminən 10 ildən artıqdır işsizdir. "Parkovşik"liklə çörəkpulu qazanmağa can atır.

Akif Adığözəlov deyir ki, iş üçün döymədiyi qapı qalmayıb. Amma həyatını futbola həsr etmiş sabiq hakimə Sumqayıtda adi bir iş tapılmayıb. Şəhər futboluna, idmanına məsul şəxslər Akif Adığözəlova sahib çıxmayıblar. Ömrünü futbola həsr etmiş bir insanın son dərəcə ağır şərtlər altında yaşamasını görmək xoş olmayan mənzərədir".

"Azərbaycan futbolu niyə inkişaf etmir" sualının acı cavabında elə Akif Adığözəlovun hekayəsi də var.

Bu, təkcə bir şəxsin taleyi deyil, əslində bütöv futbol sistemimizin durumunun göstəricisidir. Futbola ömrünü verən, uşaqlara meydanda necə davranmağı, topun arxasınca necə qaçmağı öyrədən insanların bu gün cəmiyyət tərəfindən unudulması futbolumuzun inkişaf etməməsinin əsas səbəblərindən biridir.

Azərbaycan futbolunun durumu ilə bağlıəsas məqamlar sırasında idarəçilik və sistemsizlik dayanır.

Futbol federasiyasında illərdir aparılan islahatlara baxmayaraq, aşağıdan yuxarıya qədər işlək mexanizm yoxdur. Uşaq futbolu təsadüfi adamların öhdəsinə buraxılıb, məşqçilər isə çox vaxt dəstək görmədən meydanda öz güclərinə mübarizə aparırlar.

Maliyyə bölgüsündə ədalətsizlik də öz sözünü deyir.

Klublara milyonlarla manatlıq sponsor dəstəyi olub, amma bu vəsaitlərin böyük qismi nəticə gətirməyən legionerlərə və bürokratiyaya sərf edilib. Uşaq futboluna, yerli istedadların yetişdirilməsinə ayrılan diqqət isə simvolik qalıb.

Karyera sonrası boşluq da bir ayrı problemdir.

Futbolçular karyerasını bitirdikdən sonra onların məşqçilik, menecerlik və ya idman qurumlarında işləməsi üçün real proqram yoxdur. Akif Adığözəlov kimi yüzlərlə sabiq futbolçu bu gün müxtəlif peşələrdə dolanışıq axtarır, amma futboldan kənarda qalıb. Bu amillər ölkədə ümumilikdə futbola ictimai marağın azalmasını şərtləndirib.

Milli komandanın nəticələri və klubların avrokuboklarda zəif çıxışı azarkeşləri futboldan uzaqlaşdırıb. Çoxları üçün futbol artıq sevimli idman yox, bahalı, amma nəticəsiz şouya çevrilib.

Regional futbolun çöküşü də milli futbolumuza təsir edən amillərdən biridir.

Sovet dövründəSumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran kimi şəhərlərdə güclü futbol ənənəsi vardı. Bu gün həmin ənənələr unudulub, bir çox şəhərlərdə futbol infrastrukturu dağılıb və uşaqlar topu stadionda yox, küçədə qovur.

Nəticə millimizin geyimini ən müxtəlif ölkələrdə uşaqkən futbol meydançası görmüş, yetişib legionerə çevrilmiş əcnəbilər geyinir.

Akif Adığözəlovun faciəli taleyi sadəcə bir insanın yox, bütöv bir sistemin portretidir. Futbolçuların ömrünü həsr etdiyi idman sahəsi bu gün onları unudursa, biz necə yüksək nəticələr gözləyə bilərik? Azərbaycan futbolunun inkişafı üçün real islahatlara, aşağı yaş qruplarından başlayaraq şəffaf idarəetməyə və futbol veteranlarına sahib çıxmağa ehtiyac var./Musavat.com



Xəbər 4 dəfə oxunub.
Seçilən
33
4
xezernews.az

5Mənbələr