AZ

Ecoinnovators: 6000 nəfər ekoloji mövzularda məlumatlandırılacaq

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” baş tutub.

Veteninfo.az xəbər verir ki, Şəki şəhərində çadır şəraitində baş tutan 5 günlük düşərgədə Mingəçevir, Qax, Sumqayıt, Bakı, Şəki, Zaqatala, Quba və.s fərqli regionlardan gənclər iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “SABAH.HUB”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və digər tərəfdaş qurumlardan dəvət olunmuş ekspert və mütəxəssislərin, həmçinin peşəkar təlimçilərin iştirakı ilə “Sosial ekologiya nədir və ekoloji izimiz”, “Regionlarda ekoloji problemlər və onların həll yolları”, “Sosial sahibkarlıq nədir?”, “İnnovativ ekoloji texnologiyaların tanıtımı və tətbiqi”, “Dayanıqlı inkişaf məqsədləri”, “Startup ideyaları” mövzularında sessiya və təlimlər keçirilib. Bununla yanaşı, iştirakçılar üçün qrup işləri və vorkşoplar da təşkil olunub.

Layihə proqram xarakterli olmaqla iki illik dövrü əhatə edir. Bu müddət ərzində 6000-dən çox insanın ekoloji maarifləndirmə kampaniyaları vasitəsilə məlumatlandırılması planlaşdırılır. Gənclərin təşəbbüsü ilə həyata keçiriləcək təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılan maarifləndirici məzmunlar yerli icmalarda pozitiv dəyişikliklərə zəmin yaradacaq. İştirakçıların təşəbbüsü ilə öz bölgələrində 1000 nəfərə yaxın gənci maarifləndirərək azı 10 davamlı icma təşəbbüsünü həyata keçirmələri nəzərdə tutulub.

Düşərgənin əsas məqsədi gəncləri ekoloji problemlərə yaradıcı yanaşmalar axtarmağa, yaşıl texnologiyalar və sosial sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə təşviq etmək, eyni zamanda onları praktik bilik və vərdişlərlə dəstəkləyərək öz icmalarında davamlı təşəbbüslərə sövq etməkdir.

Layihənin uzunmüddətli hədəfi ekoloji məsuliyyət mədəniyyətini gücləndirmək və gənclərdən ibarət liderlər şəbəkəsi formalaşdırmaqdır. Bu istiqamətdə növbəti layihələrin də davam etdirilməsi nəzərdə tutulur.

Seçilən
0
6
veteninfo.az

7Mənbələr