AZ

Mənim ilk Universitetim Altmışıncılar... Könül Bünyadzadə yazır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Könül BÜNYADZADƏ

Professor Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" kitabı haqqında qeydlər

İllər sonra universitet mühazirələrin əlinə keçəndə maraqla vərəqləyirsən: həm o vaxtın xatirələri gözlərində canlanır, həm bugünkü ağlınla o vaxtlar imtahanlarda səni həyəcanlandıran məsələləri təkrar düşünürsən, səhvlərini, qaranlıq məqamları saf-çürük edirsən, həm də həyatının əhəmiyyətli bir mərhələsində şüurlu, yaxud şüuraltı şəkildə rol oynayan bu qeydlərə bir daha qayıtmaqla öz şəxsiyyətinin alt qatlarına enmiş olursan. Jurnalistikamızın, söz sənətinin Ustadlarından olan Prof. Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" monoqrafiyası mənə tələbəlik illərimdən qoruduğum mühazirələr dəftərimi xatırlatdı. Ən maraqlısı da o oldu ki, kitabı oxuyandan sonra anladım ki, mən elə "altmışıncılar"ın yetirməsiyəmmiş, sadəcə düşüncələrimi istiqamətlərindən, şəxsiyyətimi formalaşdıran bu ilk universitetimin qeydlərini hansısa dəftərə yox, yaddaşımın sabit qatına yazmışammış.

Mənim atam altmışıncı illərdə Sovet İmperiyasında açılan xırda nəfəslikdən qidalanan gənclərdən olub: reallığı görməyi bacaran, sözün həqiqi dəyərini verməyə köklənən, azadlığın ruhunu duyub onu böyütməyə çalışan və sonralar bu ruhun təkrar susdurulduğunun şahidi olan nəslin nümayəndəsi. Özünün də dediyi kimi, bu, milli təfəkkürün oyanışı ilə səciyyələnən, "Bütöv Azərbaycan" ideologiyasının hər kəsin düşüncəsini çulğaladığı bir dövr idi. Uzun illərdən sonra ilk dəfə milli bayram olan Novruzun təntənə ilə qeyd edilməsi, hətta uzaq Amerikada Con Kennedinin qətli də xalq arasında bir həyəcan, dirçəliş yaratmışdı. Atamı dinləyəndə əmin olmuşdum ki, bu, elə bir düşüncədir ki, doğulandan sonra məhv olmur, övladlara bir əmanət kimi ötürülür. Elə həmin vaxtlar yenicə doğulan Ülvi oğluna - ilk övladına yazdığı şeirində də bunu vurğulayır:

Duzlu balam, unutma ki, illərə,

Vicdanını günəş deyə verirəm.

Ürəyimsən, ürəyimi ellərə,

Elə bil ki, mən hədiyyə verirəm.

Beləcə, mən də hərf tanıyandan altmışıncıların əsərlərini oxumuşam, evimizdə gedən müzakirələri dinləmişəm, sözlərin, sətirlərin altındakı mənaları sezməyə öyrəşmişəm. O vaxtlar kiçik idim, çox sərt keçən müzakirələrdə nadir halda söz haqqım olurdu. Mən də indi, Cahangir müəllimin kitabı ilə ilk Universitetimin "mühazirələrini" - altmışıncıların əsərlərini təkrar vərəqləyib sözümü deyim.

Əsər bir nöqtədən çıxıb milyonlarla oxucunun düşüncəsinə uzanan bir körpüdür. Onun nüfuz etmək qabiliyyəti yazıldığı niyyətdən, söykəndiyi dəyərlərin ucalığından bilavasitə asılı olur. Altmışıncıların niyyəti İmperiyanın laylasına yatmış oxucunu oyatmaq idi və bu məqsədlə fərqli janrlar, yeni yanaşmalar tapıb standart klişeləri sındırırdılar. Cahangir müəllim çağdaş Azərbaycan povestinin janr xüsusiyyətlərini təhlil edəndə bu incə və vacib məqamları "sənətin yenidən boğulduğu cəmiyyətdə sənətkarın forma axtarışını genişləndirməyi" (s. 27) kimi əsaslandırır və "unu kəpəkdən ayırır".

Əsər boyu istinad edilən müəlliflərdən birincisi Anardır, bəlkə də mənim gözüm daha çox mənə yaxın olan bu ədibin adını axtarırdı. Çünki məhz Anarın qələmi ilə mən rahatlıqla "yaxşı padşaha" gülməyi öyrənmişəm, cəmiyyətdəki Əli Əyriyevlərin, Qarın Quliyevlərin qarşısında səbəbsiz xofdan uzaq olmuşam, tənhalığın çərçivəsini radiodakı təyyarə uğultusu ilə genişləndirməyin mümkünlüyünü anlamışam, doğmaların varlığının işığını onların yoxluğunda da qorumağın mümkünlüyünü görmüşəm. Cahangir müəllim bunun sadə, eyni zamanda, çox ağır səbəbini belə izah edir: "Bədii əsər, əslində, oxucu üçün o zaman doğmalaşır ki, o özü də bədii əsəri, buradakı hadisələri yaşayır" (s.56). Belə əsərlər ideologiyaya xidmət edə bilməz, sifarişlə də yazılmaz, yalnız ruhdan gələr və ruha ünvanlanar.

Müəllif monoqrafiyada janrın deyil, deyilən sözün, "əsl sənətkarın içini boşaldan" (s.28) əsərlərin vacibliyini vurğulayır və miniatür povesti nümunə gətirir. Burada yaponların haykuları yada düşür: müəllif oxucunun içindəki hansısa bir ideyanı oyadır və kənarda durur, qalanını oxucunun öz düşüncə qabiliyyəti tamamlayır. Amma əsas problem də məhz çoxluq təşkil edən sifarişli, bəh-bəhli yazılar arasında "acı həqiqəti üzə çıxara" (s.30) bilən əsərlərdən gedir. Müasir dövrdə tez-tez alt şüurda neqativ düşüncələri aktuallaşdıran 26-cı kadrdan danışırlar. Maraqlıdır ki, Cahangir müəllimin kitabından belə qənaətə gəldim ki, altmışıncıların əsərləri də həmin dövrün 26-cı kadrı hesab edilə bilər, sadəcə düşüncələrdə reallıq, yüksək mənəviyyat, milli dəyərləri oyadan gizli mesajlar şəklində: "Budur, bədii sənət əsərinin təsir gücü, insanı dəyişmə gücü. Bu, yalnız bədii həqiqət real gerçəklikdən doğanda, insan özünü bu güzgüdə görəndə baş verir" (s. 242). Əsərin bu gücünü həqiqi sənətkar bilir və xalqını sevən onu məhz müsbət istiqamətdə istifadə etməyə çalışır.

Altmışıncılar öz düşüncələrini əsaslandırmaq üçün tarixi köklərə, milli dəyərlərə istinad ediblər. Cahangir müəllim burada çox əhəmiyyətli bir məqamı vurğulayır: "Tarixi əsər - hansı janrda olursa-olsun - müraciət etdiyi tarixi dövrün portretini yaratmaqla əsərin meydana çıxdığı dövrdə onun vaciblik dərəcəsi ilə şərtlənməlidir" (s. 159). Burada bir neçə vacib şərt bir-birini tamamlamalıdır: yazıçının şəxsi keyfiyyəti, onun keçmişi və bugünü dəyərləndirmək və oxucunun düşüncəsinə doğru yol tapan janrı seçmək qabiliyyəti. Sənətkar öz ideyasına həyat verməklə kifayətlənməməli, xalqın taleyində əhəmiyyətli rol oynamış tarixi dövr arasında körpü atmağı, oxucunun diqqətini əhəmiyyətli məqamlara fokuslamağı bacarmalıdır. Bu baxımdan sənətkarın üzərinə böyük məsuliyyət düşür. Məhz buna görə də, tarixi bədiiləşdirən yazıçı nə qədər çox bəyənilir, sevilir, digərlərindən fərqləndirilirsə, həmin tarixi saxtalaşdıran yazıçı bir o qədər gözdən düşür. Tarixi saxtalaşdırmaq deyəndə, həm də imperiyanı al-əlvan rənglərlə təqdim etmək, həqiqəti görmək qabiliyyətində olmamaq, yaxud şəxsi maraq xətrinə onu görməkdən imtina etməkdir.

Tarix xalqın keçdiyi həyat yoludur və saxtanı həqiqətdən elə yaşadıqları əsasında fərqləndirməyi bacarır. Yazıçı o xalqın səsi və gözü olanda Sənətkar adını qazanır. "Dəli Kür" nümunəsində Cahangir müəllim haqlı olaraq vurğulayır ki, "bədii əsər saxta stereotiplərdən uzaqlaşanda əsl sənətə çevrilir" (s. 196). Yaxud "Qarlı aşırım"ın uğurunu məhz onun obyektiv mövqeyinin nəticəsi olaraq təqdim edir (s.186). İllər keçib, "Dəli Kür"ün Cahandar ağası hələ də müsbəti, mənfisi ilə nümunədir, "Qarlı aşırım"ın Kərbəlayı İsmayılı, Abasqulu Ağası, Qəmlosu təkrar-təkrar anılır, araşdırılır. Kiçik notlarla oxucunun düşündürməyi bacaran, tarixə müraciət etməyə sövq edən belə əsərlərlə partiyanın iclas protokolunun bədii izharı olan əsərlər tərəzinin eyni gözünə qoyula bilməz axı. Burada ön plana tarixlə qurulan əlaqənin sağlamlığını, etibarlılığını təmin edən yaddaş çıxır. Yaddaş şüurun, düşüncənin ən vacib və böyük arxivi, istinadıdır və onun hətta mənfi bir səhifəsinin silinməsi, təhrifi insanın kimliyində dərin bir boşluq yaradır. Maraqlıdır ki, zorla, yaxud könüllü şəkildə öz yaddaşından imtina edənlər altmışıncılardan olan Aytmatovun "qəhrəmanıdır". M.Çəmənlinin "Yaddaş" povestini təhlil edən Cahangir müəllim yazır: "Yaddaş yaman şeydir. İnsan vicdanının səsi olan yaddaşdan qaçıb qurtarmaq olmur" (s.61). Təhlildən belə anlaşılır ki, yalnız qəhrəman deyil, onu canlandıran müəllif də müəyyən şeyləri - o yaddaşı formalaşdıran amilləri unudanda əsərdə natamamlıq yaranır.

Altmışıncılar əvvəlki dayaqların möhkəm olmadığını sübut edir və yenisini yaradır. Bəzən nihilist ruhlu yazıçı, məsələn, Nitsşe, köhnəni darmadağın edir və xəbərdarlıq da edir ki, "Müəyyən bir müddət uçuruma baxanda uçurum sizin içinizdən baxmağa başlayar". Altmışıncılar isə heç nəyi dağıtmır və fərqli yol tutur. Əvvəla, onlara qara uçuruma deyil, "ağ"a, işığa baxmağı tövsiyə edirlər. Cahangir müəllimin dediyi kimi, "bu fakt - ağ, işıq faktı 60-70-ci illər Azərbaycan nəsrinin özündə yaranan işıqla bağlı idi" (s.122). İkincisi, dövrün ideoloji ab-havasından çıxış edərək onlar illərə meydan oxuyan tarixi dayaqların bərpasına üstünlük verirlər. Burada yadıma İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilmiş "Nəsimi" filmindən Əmir Teymurun bir həyəcan təbili düşdü: baş kəsməklə, qılıncla qalib gəldiyi məkanlarda ürəkləri Şairin sözləri fəth edir. Məhz düşüncələrin fəthini məqsəd bilən yazıçılar nəslini Cahangir müəllim "narahat sənətkar" (s. 123) adlandırır və bildirir ki, onların əsərlərində daim sirli qalan və oxucunu düşünməyə vadar edən genişlik var, dərinlik və ucalıq var ki, bu da onları bədii söz dünyasının zirvəsinə ucalda bilir (s.123).

Cahangir müəllimin diqqət yönəltdiyi məsələlərdən biri də əsərin dilidir. Əslində, xalq üçün yazan sənətkarın elə xalqın dilində danışması hər hansı sual yaratmamalıdır. Lakin məsələnin daha dərin tərəfləri də var. Yalnız dil və təfəkkür bir-birini tamamlayanda, ortaya şedevr çıxır. Məsələn, Hegel etiraf edir ki, "yalnız alman təfəkkürü, onun fəlsəfi ənənələri deyil, həm də alman dilinin verdiyi imkanlar" alman fəlsəfəsini və bilavasitə alman xalqının identikliyinin yüksəlməsinə xidmət edib. Altmışıncıların əsərlərinə istinad edəndə ortaya bir neçə məsələ çıxır. Bir tərəfdən, Haydeggerin də dediyi kimi, düşüncə sahibi və şair varlığın evinin - dilin qoruyucusudur. Əsərlə təmas müddətində oxucu onun qəhrəmanları ilə ünsiyyətdə olur, məcbur olub onun dilində danışır, onun düşüncəsinin dalğasına köklənir. Üstəlik, bu əsərlər adi insanın həyatıdırsa, əksər oxucu orada özünü, qonşusunu, iş yoldaşını görə bilirsə, o zaman bu dil daha canlı, sirayətedici alınır.

Başqa bir tərəfdən, Xəlil Cübranın dediyi kimi, dili "diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, bilik dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir". Altmışıncılar partiyanın, kommunizmin dilinin yanında xalqın dilində də danışırdılar, çünki məhz "xalqın dilinə hörmət, dilin rəngarəng poetik imkanlarına yaradıcı münasibət, keşməkeşli insan mənəviyyatına hörmət, milli başlanğıcla bəşəri saflığın həmahəngliyinə sədaqət yazıçı əməlinin mayası olmalıdır" (s.156).

Ən nəhayət, yazıçı dilin qurucusudur. Söhbət yeni söz, termin yaratmaqdan deyil, dilin öz potensialını ortaya çıxarmaqdan gedir, çünki "söz sənəti... sənətkarın qələmində yaranır" (s.249). Məsələn, Anarın yazılarında Mirzə Cəlil müasir dildə danışır, cəmiyyətin gözəgörünməz xırda nümayəndəsinə də söz deməyə imkan verir, Hüseynovun romanlarında ən adi söz də insanın daxili dünyasına işıq salır, İsmayıl Şıxlının sözləri "şillənin" acısını, baxışların zəhmini hiss etdirə bilir. Cahangir müəllimin dediyi kimi: "Əsərin monumentallığı ...əsərin özünün poetik tamlığından, arxitektonika bütövlüyündən, məqsədyönlülüyündən doğmalı, hadisələrin real açılışından törəməlidir" (s.156). Sözlər kərpicdir, düşüncə - o kərpicləri bir-birinə bənd edən material, yazıçı isə - bənna. İmarətin möhkəm, möhtəşəm, uzunömürlü, etibarlı olması bənnanın seçdiyi tikinti materialından çox asılıdır. Bina hazır olanda ora daxil olan ilk növbədə bütöv gözəlliyi düşünür, alınmayanda isə istər-istəməz detalları düşünüb, burada olmağın öz düşüncən, zövqün, gələcəyin üçün nə dərəcədə güvənilir olduğunun qayğısını çəkir. Cahangir müəllimin dediyindən nəticə çıxarsaq, sənətkar mikromühitdən makromühitə keçid yarada biləndir (s.127).

Cahangir müəllim "ədəbiyyatı insan haqqında, cəmiyyət haqqında, onun həyatı, məişəti haqqında düşünən canlı, qayğılı bir orqanizmə" bənzədir (s. 120). Məhz düşünən biri həm də düşündürmək qabiliyyətinə malikdir. Düşüncənin radiusu müəllifin ideyası boyda olur. Kimdə isə bu radius kitabın səhifəsi boyda, bir başqasında onun cəmiyyəti, üçüncü birində isə Dədə Qorqudun qopuzu ilə tarixin kökünə, Nəsiminin şeirləri ilə metafizik bir aləmə, İsfəndiyar kişinin "Saz"ının səsində musiqimizə qədər uzanır və milli dəyərimizə, kimliyimizə dərindən nüfuz edir. Bir vaxtlar "Dühanın qisası" adlı bir essemdə istedad sahibinin ona verilən bir ilahi əmanətin qədrini bilməyəndə, onu israf edəndə, istedadın necə ağır qisas almasından yazmışdım. Maraqlıdır ki, öz bacarığını Sovet ideologiyasının tərənnümünə həsr edənlər haqqında Cahangir müəllim də eyni qənaətə gəlir: "Zaman keçdi və bu əsərlər mövzusuna görə böyük istedad sahiblərinin faciəsinə çevrildi" (s.98). Faciə isə məhz istedadın israfı və cavabında unudulmaq, yaddaşlardan silinməkdir.

...Mən kommunizm quran xoşbəxt nəslin nümayəndəsi olmuşam, sinif otağının yuxarı başında Leninin şəkli asılırdı və keçdiyimiz "Ana dili" onun "dilinə" köklənmişdi. Mən orta məktəbdə keçdiyim ədəbiyyatda Bulqakovun, Axmatovanın, Svetayevanın, Pasternakın adları qadağan idi. Bu, böyüyən insanın orqanizmində hansısa vitaminin olmaması, nəticədə "xəstə" vətəndaşın böyüdülməsinə oxşayırdı. Ancaq altmışıncılar sayəsində bütöv bir nəsil o xəstəlikdən yan qaça bildi. Məsələn, Cahangir müəllim yazdığına görə, İsa Hüseynov sayəsində "yaradan, quran insanın ağrılı-acılı anları da qələmə gəldi; İnsan kədəri, sevinci, bir sözlə psixologiyası ilə nəsrə gəldi" (s.39) və kommunizm quran xoşbəxt Sovet vətəndaşına heç oxşamayan uğursuz, təzadlı, mürəkkəb taleli insanlar da (s. 54) "qəhrəmana" çevrildi. Ən vacibi isə, həmin dövrə xas "dünya söz sənətinə getdikcə daha çox bələd olmaq", "Azərbaycan" jurnalında dünya ədəbiyyatından tərcümələrin nəşr edilməsi (s.72) oxucunun baxış üfüqünü genişləndirirdi. Mən elə öz ailəmizdə bunun şahidi olmuşdum, çünki məhz altmışıncıların verdiyi cəsarətlə, qardaşım Ülvi "Qansızlar" povestini, "Ömür yolu" poemasını yazdı, "Yaxşı padşahın nağılı"ndakı "himni" dinləmək istəmədi.

Mövləvi dərvişin həm öz oxu ətrafında fırlanıb, həm də kainatın universal hərəkətinə qoşulması üçün kiçik, lakin əhəmiyyətli bir məqam var: onun bir ayağı yerə möhkəm dayanmalı, sanki insanın sabit oxunu qorumalıdır. Cahangir müəllimin əsərini oxuduqca və "sənətin gücü ilə dünyanı dəyişə biləcəyinə inanan əsl sənətkarları" (s.88) təkrar düşündükcə əmin oluram ki, altmışıncılar azad ruhun ölməməsi, insanın manqurtlaşmaması, milli dəyərlərin, kimliyin təhrif olunmaması üçün həmin sabit oxu qorumağı bacarıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
525.az

1Mənbələr