AZ

Paşinyan: "Tramp marşrutu"çərçivəsində hər şey qarşılıqlı olmalıdır"

"Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizi - red.) çərçivəsində hər şey qarşılıqlı olmalıdır".

Avtosfer.az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə silah və əsgər daşıyıb-daşımayacağı ilə bağlı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, bütün razılaşmalar qarşılıqlı olacaq: istənilən bənd həm Ermənistana, həm də Azərbaycana eyni dərəcədə şamil olunacaq.

Bundan başqa, tərəflər hələlik razılaşmaların bütün detallarını müzakirə etməyiblər.

"Biz özümüzə sual verməliyik ki, biz öz qoşunlarımızın və silahlarımızın Naxçıvandan keçməsini istəyirik, ya yox? Biz silahların Naxçıvandan dəmir yolu ilə Meğriyə keçməsini istədiyimizə qərar verdikdə bu məsələ ilə bağlı danışıqlara başlayacağıq. Əgər biz bunu istəmədiyimizə qərar versək, müvafiq düsturu rəhbər tutacağıq", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, kommunikasiyaların açılması və "Tramp marşrutu" ilə bağlı istənilən məsələyə əvvəllər bəyan edilmiş beş prinsip kontekstində baxılmalıdır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqəsini quracağı marşrutu inkişaf etdirmək üçün ABŞ-yə 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar verəcək. ABŞ tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.

Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar.

Həmçinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri gələcək sülh sazişinin mətnini paraflayıb və daha sonra onu dərc ediblər.

Seçilən
15
2
avtosfer.az

3Mənbələr