AZ

Ukraynaya 200 minlik “işğalçı qoşun” GÖNDƏRİLİR – Müharibə yeni fazaya QƏDƏM QOYUR

Fransa Prezidenti Emmanuel Makron “istəklilər koalisiyası” görüşlərinin nəticələrinə dair jurnalistlərə açıqlamasında bildirib ki, 35 ölkə Ukraynaya təhlükəsizlik təminatları verməyə razıdır.

Makron vurğulayıb ki, bu təminatlar çərçivəsində Ukrayna Ordusuna heç bir məhdudiyyət qoyulmayacaq, həmçinin onun strateji potensialını bərpa etmək imkanı təmin ediləcək. Məqsəd Ukraynanın hər hansı potensial təcavüzə qarşı səmərəli müdafiəsini təmin etməkdir.

Bundan əvvəlsə məlumat yayılmışdı ki, Qərb Ukraynaya 50 min nəfərə qədər kontingent göndərə bilər. Bu əsgərlər 1000 kilometrlik cəbhə xəttində təhlükəsizlik qüvvələri kimi fəaliyyət göstərə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məqsəd üçün ən azı 200 min əsgər tələb edib.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp da Ukraynada Avropa kontingentinin sayını 200 minə çatdırmaq fikrini dəstəkləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya 24” kanalına müsahibəsində bildirib ki, Ukraynaya göndəriləcək sülhməramlı qüvvələr əslində, işğalçı orduya çevriləcək

O, vurğulayıb ki, sülhməramlı kontingentlər Rusiya Silahlı Qüvvələrinin “qanuni hədəfləri” olacaq:

“Əgər Ukraynanın hansısa hissəsində guya sülhməramlılar yerləşdirilərsə və həmin ərazi üçün Qərbin Rusiya Federasiyasına qarşı yönəlmiş təhlükəsizlik zəmanətləri tətbiq olunarsa, bu, yalnız bir məna daşıyacaq – Qərb Ukraynanı işğal edib”.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də oxşar fikirlər səsləndirmişdi:

“Əgər Ukraynada hər hansı qoşunlar peyda olarsa, xüsusən də hazırda davam edən döyüşlər fonunda, biz onları məhv edilməli qanuni hədəf hesab edirik”.

Müharibə bitməmiş ölkəyə sülhməramlı qüvvə necə gəlir?

Son günlər Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı Qərbdə ciddi müzakirələr gedir. Ukrayna rəhbərliyi də bu təklifə isti baxır. Zelenski sadəcə kontingentin böyük olmasını istəyir.

Rusiya isə bu ideyanı qətiyyən qəbul etmir. Kreml narahatdır ki, sülhməramlı adıyla Qərb Ukraynaya NATO qüvvələrini yerləşdirə bilər. Bu isə Rusiyanın istəyəcəyi ən sonuncu məsələdir.

Üstəlik sülhməramlıların Ukraynaya yerləşdirilməsi üçün ən azından atəşkəs olmalıdır. Eyni zamanda Rusiya ilə Ukrayna arasında hansısa formada ilkin razılaşma əldə edilməlidir. Yalnız bundan sonra sülhməramlılar Ukraynaya gələ bilər. Hələliksə nəinki hansısa razılaşmadan, hətta qısamüddətli atəşkəsdən belə söhbət gedə bilməz.

Qərbin yarımçıq sülh istəkləri

Maraqlıdır ki, həm Qərb, həm Ukrayna, həm də Rusiya sülh istəyir. Lakin bu üçlüyün sülh barədə istəkləri və baxışları qətiyyən üst-üstə düşmür. Rusiyanın və Ukraynanın hansı şərtlərlə sülh istəməsi bəllidir.

Ən maraqlısı Qərbin bu məsələdə hədəfidir. Çox qəribədir ki, Ukrayna-Rusiya münaqişəsində Qərb tam və davamlı sülh istəmir. Qərbin məqsədi odur ki, müvəqqəti atəşkəs olsun. Bundan sonra Rusiya ilə razılaşdırılmış şərtlərlə bölgəyə Qərbin sülhməramlı kontingenti gətirilsin.Təbii ki, Rusiya bu istəyə qarşıdır. Amma Qərb də inadından dönmür. Çünki Qərb artıq bu müharibədən yorulub və Ukraynaya lazım olan hərbi-siyasi və maliyyə dəstəyi göstərə bilmir.

Müharibənin “yediyi” milyardlar

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bu günlərdə deyib ki, Rusiya ilə müharibənin bir günü Ukraynaya 172 milyon dollara, yəni 7,1 milyard qrivnaya başa gəlir:

"Ukrayna bu cür maliyyə yükünə öz gücü ilə tab gətirə bilməz. Buna görə də yerli müdafiə sənayesinin və innovativ texnologiyaların inkişafı üçün tərəfdaşların vəsaitlərini cəlb etmək vacibdir".

Daha əvvəl isə bildirilmişdi ki, 2024-cü ildə müharibənin bir günü Ukraynaya 5,7 milyard qrivnaya və ya 142 milyon dollara başa gəlib.Ukrayna Müdafiə Nazirliyi müharibənin davam etdirilməsi üçün orduya ən azı 120 milyard dollar lazım olduğunu təsdiqləyib. Bu qədər vəsaiti isə Qərb vermək istəmir.

Ortaya yeni ideyalar atılır...

Artıq Qərb dairələrində Ukraynaya dəstək daha çox simvolik şəkildə ortaya qoyulur. Məsələn, bir neçə gün əvvəl Böyük Britaniya kralı III Karlın həyat yoldaşı Kamilla və ABŞ-ın birinci xanımı Melaniya Tramp Vindzor qalasında keçirilən dövlət banketinə Ukrayna bayrağının rənglərində geyimlə qatılıblar. Kraliça Kamilla mavi paltar, Melaniya Tramp isə sarı libas seçib. Tədbirdə kral ailəsinin üzvləri, o cümlədən Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt də iştirak ediblər.

Bir sözlə, Qərb ən qısa zamanda müharibənin yox, döyüşlərin sonlanmasını istəyir. Bunun hesabına da Ukrayna ərazisini özləri üçün bufer zonaya çevirməyə çalışırlar. Lakin hadisələrin inkişafı göstərir ki, bu ideya o qədər də real deyil. Amma hər halda bir təşəbbüsdür.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
6
1
bizim.media

2Mənbələr