AZ

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının şanlı səhifəsi olan "Əsrin müqaviləsi"nin imzalanmasından 31 il keçir. Ötən bu illərdə Azərbaycanın tarixinə biri-birindən  möhtəşəm səhifələrin yazıldığını bu günümüzdən dünənimizə baxış əsasında daha aydın şəkildə görür və bundan böyük qürur hissi keçiririk. "Əsrin müqaviləsi" Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Ümummilli Liderin gərgin səyi nəticəsində  1994-cü ildə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını aldı. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil", "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. "Əsrin müqaviləsi"nin Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində rolu böyükdür.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili bu məqamı da xüsusi vurğulayıb ki, neft strategiyasının hazırlanmasının ilk günündən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Gərgin səylər nəticəsində bu sazişin imzalanması reallığa çevrildi. "Əsrin müqaviləsi"nin imzalanmasının 23-cü ildönümündə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması Azərbaycanın enerji sektorunun bu günümüz və gələcəyimiz üçün əsas amil olduğunu bir daha təsdiqlədi. Həmin imzalanma mərasimindəki çıxışında "O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır" söyləyən dövlət başçısı İlham Əliyev bir daha  diqqəti "Əsrin müqaviləsi"nin imzalandığı dövrə yönəldərək bildirdi ki, bu saziş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də "Azəri-Çıraq-Günəşli" yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, "Əsrin müqaviləsi" respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb oldu. Yeni neft strategiyasının gerçəkləşməsi ilə ölkəmizin neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edildi. Neft strategiyasının uğurlu icrasında Azərbaycan  Dövlət Neft Şirkətinin böyük rolu var. Həmin müqavilədən sonra  çoxsaylı sazişlərin imzalanması da bunun təsdiqidir. Həmin sazişlər çərçivəsində  Azərbaycanın neft-qaz sektoruna böyük həcmdə sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, müasir texnologiyaları tətbiq edən, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən modern  şirkətdir. Hazırda Azərbaycan yalnız neft deyil, qaz,  elektrik enerjisi ixracatçısı kimi də nüfuz qazanıb. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsi kimi tanınan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında güclənən mövqeyini möhkəmləndirir. "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr dünyanın enerji xəritəsində ölkəmizə strateji mövqe qazandırmaqla yanaşı, qlobal səviyyədə enerji təchizatının sabitliyinə də töhfə verdi. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb.  "Yeni əsrin müqaviləsi"nin imzalanması  ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu.  "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu sazişin "Yeni əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı  25 faizə qaldırıldı. Qazanılan nailiyyətlər onu göstərir ki, "Əsrin müqaviləsi" imzalanandan bu günə qədər Ümummilli Liderin müəllifi olduğu  neft strategiyası uğurla icra edilir, zənginləşir, yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır.

Milli Məclisin deputatı bildirib ki, "Əsrin müqaviləsi"nin 20 illiyində, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında bu layihənin rəsmi açılışı oldu, iyun ayında isə əsas seqmentlərindən biri olan TANAP istifadəyə verildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihəni uğurlu sonluqla başa çatdırması hər zaman beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istifadəyə verildi. Bütün bunlar "Əsrin müqaviləsi"nin əhəmiyyətindən bəhs edərkən iqtisadi  ilə yanaşı, siyasi tərəfinin xüsusi vurğulanmasına işıq salır. Çünki "Əsrin müqaviləsi" Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin də məqsədi məhz elə Azərbaycanın müstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki, ölkəmiz  buna da nail oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın öz hesabına yaşamasında, iqtisadiyyatın dinamik şəkildə inkişafında "Əsrin müqaviləsi"nin xüsusi rolu var. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da bu günümüzə hesablanmış mühüm addımlardandır. Fondun vəsaitləri hesabına ölkəmizin dayanıqlı inkişafı üçün mühüm sosial-iqtisadi layihələr icra edilir. İqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu hədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu sahədə ölkəmiz böyük uğurlar əldə edib. Azərbaycanın iqtisadi inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkən Prezident İlham Əliyev bu hədəfi də qarşıya qoydu ki,  neft kapitalı insan kapitalına çevrilməlidir. Regionların malik olduğu potensialdan səmərəli istifadənin təmin edilməsi üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edildi. 4 Dövlət Proqramı uğurla icra olundu. Bölgələrin siması tamamilə dəyişdi. Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artdı. Mənbəyini "Əsrin müqaviləsi"ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı dünyada güclü və nüfuzlu dövlətə çevirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər dövrün çağırışlarını uğurla yerinə yetirir. Tarixi Zəfərimizdə, suverenliyimizin tam bərpasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. 1993-cü ildən başlanan yol Azərbaycanın  hər bir sahədə uğurlu inkişafını təmin etdi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı qalib, bütövləşən ölkə kimi dünyaya təqdim edən 44 günlük İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror tədbirləri Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Tarixi Zəfərimizin, suverenliyimizin reallıqları fonunda Böyük Qayıdış Proqramının uğurlu icrası neft strategiyasının Azərbaycana qazandırdığı iqtisadi imkanların təqdimatıdır. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı günbəgün artır.

Vüqar Rəhimzadə bildirib ki, neft strategiyasının uğurlarını, 31 illik yolu bir yazıda tam əhatə etmək mümkün deyil. Bu günümüzün əsas çağırışlarından biri də bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. Ölkəmizin ötən il  ev sahibliyi etdiyi  COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı olan COP29 ölkəmizin qarşısında geniş imkanlar açdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, COP29-la bağlı  hədəflərimizdən biri  Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr,  inkişaf etmiş ölkələr və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və  köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.

Millət vəkili Azərbaycanın enerji resurslarının təqdimatında əhəmiyyətli rol oynayan Neft-Qaz sərgilərinə də diqqəti yönəldib. Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimi keçilən 30 illik yolun ümumiləşdirilmiş ifadəsi  oldu. Dövlət başçısı İlham Əliyev bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edildi.  Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar "Əsrin müqaviləsi" adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Bu reallıq xüsusi önə çəkildi ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi.  Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər Günü" kimi qeyd olunur. Ölkə iqtisadiyyatının inkişafının əsası olan neft strategiyasının uğurlu icrasında  neftçilərimiz böyük fədakarlıqlar  göstərirlər. Onların zəhməti, əməyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.

Millət vəkili günümüzün reallıqları fonunda bu ümumiləşdirməni aparıb ki, hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasət əsas faktordur. Möhkəm təməl daim davamlı uğurları qaçılmaz edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
6
olaylar.az

10Mənbələr