AZ

“Pis oynadım, çox pis” - Belə etiraf görməmişdiz!

“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Abdula Xaybulayev Sportinfo.az-a müsahibə verib.

24 yaşlı futbolçu Premyer Liqanın dördüncü turunda “Neftçi” ilə qolsuz bərabərliklə yekunlaşan qarşılaşma haqda sualları cavablandırıb.

- Nəticə sizi qane edir?

- Hiss olunurdu ki, “Neftçi” bu oyuna hədsiz köklənib. Çox yaxşı mübarizə aparırdılar. Biz isə daha çox qaçmaqla diqqəti əldən verməməyə çalışırdıq. Həqiqətən ağır oyun oldu. Fikrimcə, nəticə oyuna görə oldu.

- 1 xalı qazanc hesab edirsən? Bəzi futbolçularınızın hərəkətlərindən görüşün məhz bu hesabla başa çatmasını arzuladıqları görünürdü. Təkcə Stas Pokatilovun bir neçə epizodda topu oyuna gec daxil etməsini göstərə bilərəm.

- Məqsədimiz qalib gəlmək idi. “İmişli” məğlubiyyətindən sonra 3 xal istəyirdik. Lakin bəzən oyunun gedişatı istədiyin kimi alınmır deyə, 1 xal da pis nəticə sayılmır. Qələbə əla olardı. Rəqibin “Neftçi” olduğunu da unutmamalıyıq.

- Sanki bu gün “Sabah”da görməyə alışdığımız motivasiya çatmırdı. Olmaya aparıcı futbolçuların yoxluğu özünü göstərirdi?

- Motivasiya yüksək səviyyədə idi. Dediyim kimi, qalib gəlmək istəyirdik. Ola bilsin, itkilər oyun planında özünü göstərirdi deyə belə düşünürsünüz.

- Fasilədə əvəzlənməyin nə ilə bağlı idi?

- Pis oynadım, çox pis.

- Millidən qayıtmağınla bağlı ola bilər?

- Nədən asılı olduğunu deyə bilmərəm. Onu bilirəm ki, pis oynadım, ümidləri doğrultmadım.

HƏBİB

Seçilən
17
sportinfo.az

1Mənbələr