AZ

Tarixi Zəfər qazanan Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb

Azərbaycanın müasir tarixində dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi daim prioritet vəzifələrdən biri olmuşdur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar dövlətin qətiyyətli addımlar atmasını, beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarında tam suverenliyini təmin etməsini zəruri etmişdir. Qarabağda uzun illər davam edən qanunsuz hərbi mövcudluq və separatçı fəaliyyətlər isə bu istiqamətdə görülən tədbirlərin əsas hədəflərindən birinə çevrilmişdir.

İşğalçı dövlət kapitulyasiya aktını imzalasa da, postmüharibə dövründə Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı birləşməsi və qeyri-qanuni silahlı dəstələr fəaliyyətini davam etdirirdi. Üçtərəfli bəyanata əsasən, Qarabağdakı erməni yaraqlılarının tərksilah edilməsi nəzərdə tutulurdu. Dövlətimiz isə işğal altında olan ərazilərdə uzun müddət sülhün təmin edilməsi, reinteqrasiya prosesinin davamlılığı və əhalinin təhlükəsizliyini qorumaq üçün bütün imkanlardan istifadə etdi.

Təəssüf ki, erməni separatçıları humanist çağırışlara məhəl qoymayaraq silahlanmanı davam etdirmiş, təxribatlar törətmiş və qondarma “parlament” vasitəsilə Azərbaycan dövlətinin əleyhinə qanunsuz bəyanatlar vermişlər. Azərbaycan tərəfi dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq qurumlara xəbərdarlıq edərək, silahlı qüvvələrin ölkəmizin suveren ərazisini tərk etməsinin vacibliyini bildirmişdir.

Ermənistandan Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq məqsədilə, həmçinin Ermənistanın 2023-cü ilin 22 aprel tarixində birtərəfli qaydada sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurmasına cavab olaraq, bir gün sonra - aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycanın suveren ərazilərində “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradılmışdır.

2023-cü il sentyabrın 19-da erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar və terror hücumları həyata keçirmişdir. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olmuş, yaralanmışdır. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulmuş, mülki əhali üçün ciddi təhlükə yaranmışdır. Bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanmışdır.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları silahı yerə qoyaraq təslim olmuş, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etmişdir. Əməliyyat zamanı 406 kvadratkilometr ərazi düşmən qüvvələrindən azad edilmiş, erməni silahlı qüvvələri böyük itkilər vermişdir. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin tankları, artilleriya qurğuları, minaatanlar, zenit kompleksləri və digər döyüş texnikası sıradan çıxarılmışdır. 1731 müxtəlif döyüş texnikası və 18 664 atıcı silah ələ keçirilmişdir. Əməliyyatın mühüm xüsusiyyəti ondadır ki, mülki əhali zərər görməmiş, qadınlar, uşaqlar, qocalar və fiziki məhdudiyyətli şəxslər təhlükəsizliyə zəmanət verilmişdir. Azərbaycan Ordusu həm də humanizm nümunəsi göstərmiş, təhlükəsizliyin təminatı üçün əhalini məlumatlandırmış və onları zərbə altından qorumuşdur.

Antiterror tədbirlərdən sonra Qarabağda separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi barədə sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tərksilah edilmiş, ölkəni tərk etmiş və Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilmişdir. Bu əməliyyat nəticəsində Azərbaycan dövlətinin suverenliyi tam təmin edilmiş, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu şəhərlərdə dövlət bayrağının ucaldılması tarixi an kimi yaddaşlara həkk olunmuşdur.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan olunub. Dövlətimizin başçısı qeyd edib ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir: “Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Beləliklə, antiterror tədbirləri Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edir. Bu əməliyyatla həm də şanlı ordumuzun peşəkarlığı, qəhrəmanlığı və xalqın dövlətə bağlılığı bir daha nümayiş olunmuşdur. Postmüharibə dövründə azad edilmiş ərazilərimizdə reallaşdırılan bərpa və quruculuq işləri regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması üçün mühüm təməl rolunu oynayır.

Heydər Əsədov,
​Milli Məclisin deputatı

Seçilən
8
1
ikisahil.az

2Mənbələr