AZ

Tbilisidə Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirildi

TBİLİSİ, 18 sentyabr. TELEQRAF

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Milli Musiqi Günü və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Azərbaycan səfirlyinin II katibi Ramiz Hacızadə çıxış edərək Ü.Hacıbəylinin zəngin irsindən və əvəzsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasındakı mövcud mədəni bağlar dostluq əlaqələrimizi daha da gücləndirir və Tbilisidə təşkil olunan bugünkü tədbir bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Diplomat tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edib, musiqi və mədəniyyətmizin daim yüksəlməsini, Azərbaycanla Gürcüstan arasında sarsılmz mədəni bağların daha da möhkəmlənməsini arzulayıb.

Daha sonra Aşıq Nargilə Mehtiyeva gürcü pianoçu Levan Çxaidzenin müşayiəti ilə “Sarı gəlin” xalq mahnımızı ifa edib.

Azərbaycanlı icmanın üzvləri, ziyalılar, mədəniyyət xadimləri, gənclər, gürcü sənət adamlarının qatıdlığı tədbirdə milli musiqi və mahnılarımızın yaranma tarixçələri haqqında gürcü və Azərbaycan dillərində təqdimatlar edilib.

İştirakçılara Nargilə Mehtiyevanın ifasında “Ruhani” aşıq havası, Ramin Pirməmmədovun ifasında musiqilər də təqdim olunub.

Seçilən
65
teleqraf.com

1Mənbələr