AZ

Mark Zukerberq: Ağıllı eynəklər süperintellektə gedən yolu açacaq...

Meta rəhbəri yeni qurğunu təqdim edərək smartfonların gələcəkdə sıradan çıxacağını bildirib...

Poliqon xəbər verir ki, Meta şirkətinin rəhbəri Mark Zukerberq ilk dəfə ekranla təchiz edilmiş ağıllı eynəkləri təqdim edib. Meta Ray-Ban Display adlanan qurğu mətn mesajlarını, videozəngləri və süni intellektin cavablarını birbaşa eynəyin linzasında əks etdirmək imkanına malikdir.

Zukerberqin sözlərinə görə, bu yenilik onun daha geniş məqsədinin gələcəkdə iPhone və Android smartfonlarını əvəz edə biləcək universal şəxsi hesablama cihazı yaratmaq planının mühüm mərhələsidir.

Meta Connect illik konfransında çıxış edən şirkət rəhbəri deyib: “Eynəklər yeganə form-faktordur ki, sizin gördüklərinizi görə, eşitdiklərinizi eşidə və gün boyu sizinlə ünsiyyətdə ola bilər. Yaxın zamanda isə onlar istənilən istifadəçi interfeysini real vaxtda gözlərinizin qarşısında generasiya edə biləcək”.

Yeni eynəklər ayın sonunda satışa çıxarılacaq və qiyməti 799 dollar təşkil edəcək. Qurğunun idarə olunması üçün xüsusi qolbaq nəzərdə tutulub. Bu qolbaq əlin ən xırda hərəkətlərini belə izləyərək cihazla əlaqə yaradır. Zukerberq bunu “dünyada kütləvi istifadəyə təqdim edilən ilk neyrointerfeys” adlandırıb.

Ekspertlərin fikrincə, Meta-nın bu layihəsi texnologiya bazarında yeni mərhələ açır. Zukerberqin “süperintellekt” vizyonu isə həm süni intellektin, həm də geyilə bilən texnologiyaların gələcək inkişafına dair mühüm ipucları verir. Əgər planlar uğurla reallaşarsa, ağıllı eynəklər mobil cihaz bazarında inqilabi dəyişikliklərə səbəb ola bilər.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr