AZ

Ursula İsrailə sanksiya tələb edən kimi Avroparlamentdə ona qarşı təzyiqlər başladı...


Bu kampaniya daha çox Avropa Parlamentindəki radikal qüvvələrin güc nümayişidir

Bir qədər əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İsrailin Qəzzadakı siyasətinə qarşı onun mallarına rüsum tətbiq edilməsini təklif ediblər. Onlar bu yolla İsrailə təzyiq göstərmək istəyirlər ki, Təl-Əviv sülhə gəlsin.

Maraqlıdır ki, bu hadisələrlə eyni vaxtda Avropa parlamentində Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsi tələb olunur. İfrat sağlar və ifrat sollar bu tələbdə israr edir. Bu işdə Avropadakı İsrail və ABŞ lobbisinin rolu ola bilərmi? Nə dərəcədə əsaslı saymaq olar ki, Kaya Kallasa və Urusla fon der Lyayenə qarşı Avropada aparılan bu kampaniya adıçəkilən lobbilər tərəfindən kənardan idarə edilmir?

İlk növbədə gəlin, Avropa Komissiyasının mövqeyi və təkliflərinə nəzər salaq. Ursula fon der Lyayen və Kaya Kallasın İsrail mallarına rüsum tətbiqi ilə bağlı çıxışları Avropa İttifaqında (Aİ) getdikcə güclənən “təzyiq vasitələri” çağırışlarının davamıdır. Burada məqsəd İsrailin Qəzza siyasətinə qarşı iqtisadi təzyiq göstərmək vəAvropa ictimaiyyətində güclü olan Fələstin həmrəyliyi tələblərinə cavab verməkdir. Bu, həmçinin ABŞ-dan müəyyən dərəcədə müstəqil siyasət göstərmək niyyətinin də siqnalı sayıla bilər.

Ursula fon der Lyayenə qarşı etimadsızlıq təşəbbüsünə gəldikdə isə, Avropa Parlamentində etimadsızlıq mexanizmi nadir hallarda işlədilir və əsasən siyasi mesaj xarakteri daşıyır. İfrat sağ və ifrat sol qüvvələrin eyni cəbhədə yer alması da maraqlı "təsadüfdür". Sağların milli maraqlara və Avropa bürokratiyasına qarşı çıxışları, solların isə sosial-iqtisadi və humanitar mövqedən fon der Lyayenin siyasətinə tənqidi yanaşması ilə bağlıdır. Yəni ittifaq taktiki xarakter daşıyır, strateji ortaq platforma yoxdur.

İsrail və ABŞ lobbilərinin təsirlərinə gəlincə, ABŞ və İsrail lobbilərinin Avropada güclü təsir imkanları var. Onların əllərində media, maliyyə dairələri və siyasi lobbiçilik mexanizmləri cəmləşib. Onlar əsasən İsrailin beynəlxalq təcrid olunmaması, ABŞ siyasətinə paralel kursun qorunması üçün çalışırlar. Ursula fon der Lyayen əvvəllər İsrailə kifayət qədər yumşaq yanaşması ilə tanınırdı. Ona qarşı indiki kampaniya daha çox (yalnız budur demək də doğru deyil) daxili Avropa siyasi mübarizəsinin məhsuludur.

Kənardan idarə olunma iddialarının reallığına gəlincə, Avropada etimadsızlıq təşəbbüslərinin bilavasitə ABŞ və İsrail lobbiləri tərəfindən idarə olunması barədə iddialar əsaslı sübutlarla təsdiqlənməyib. Amma onların prosesə təsir etmək imkanları kifayət qədərdir. Çünki bu lobbilərin media təsiri və siyasi dəstək mexanizmləri dolayısı ilə prosesləri təsirləndirə bilər.

Əslində kampaniyanın əsas səbəbi Avropadakı daxili parçalanmadır. Enerji böhranı, miqrasiya, iqtisadi yavaşlama və Brüsselin bürokratik idarəçiliyinə etiraz bu etimadsızlığın nüvəsində dayanan səbəblərdir. İsrail və ABŞ lobbisi üçün isə bu dalğa bir fürsətdir. Yəni bu prosesləri tamamilə ABŞ və İsrail lobbilərinin “kənardan idarə etməsi” iddiasını irəli sürmək bir qədər şişirtmə olar. Amma onların müəyyən dolayı təsir imkanlarını nəzərə almamaq da düzgün deyil. Əsas dinamika Avropa daxilindəki siyasi parçalanma, ekstremist sağçı və solçüların güclənməsi, eləcə də ictimaiyyətdə İsrailə qarşı artan narazılıqdır.

İndi isə gəlin, Ursula fon der Lyayenə qarşı etimadsızlıq təşəbbüsünün uğur şanslarına nəzər salaq.

Məlum olduğu kimi, Avropa Parlamentində etimadsızlıq səsverməsi üçün 2/3 çoxluq lazımdır (təxminən 490 deputat). Tarixən Avropa Parlamentində çox az hallarda belə təşəbbüslər nəticə verib. Çünki sağ və sol qüvvələr müəyyən mövzuda müvəqqəti birləşsələr də, yekun səsvermədə parçalanırlar.

Ursula fon der Lyayen Avropa Xalq Partiyası (EPP) kimi ən böyük siyasi fraksiyanın dəstəyinə arxalanır. Liberal “Renew” və sosial-demokratların bir hissəsi də, əslində, xanım Ursula ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Eyni zamanda, Komissiyanın rəhbərliyi sabitliyi qorumağa çalışır, çünki böhranlı məqamda rəhbər dəyişikliyi Aİ üçün risqli görünür.

Kampaniyanın motivlərinə gəldikdə, sağ radikallar Brüsselin mərkəzləşməsinə, miqrasiya siyasətinə və yaşıl keçid proqramlarına qarşı çıxırlar.

Sol radikallar isə İsrailə qarşı yumşaq siyasət, sosial siyasətdə qeyri-liberal xətt vəUkraynaya dəstək kimi məsələləri tənqid edirlər. Amma onların arasında ortaq strategiya yoxdur, yalnız taktiki yaxınlaşma var.

Əgər Ursula fon der Lyayen İsrailə qarşı daha sərt addımlar atmağa davam etsə, lobbilərin mediada və siyasi müstəvidə təzyiqləri arta bilər. Amma birbaşa onun devrilməsinə nail olmaları real görünmür, çünki bu, Aİ daxilindəki qüvvələrin balansından asılıdır.

Beləliklə, etimadsızlıq səsverməsinin uğurlu olması ehtimalı çox aşağıdır (mütəxəssislərə görə, 25-30%-dən yuxarı deyil).

Ursula fon der Lyayen səsvermədən güclənmiş də çıxa bilər. Çünki əksər hallarda uğursuz etimadsızlıq təşəbbüsləri lideri “qurban” yox, “qalib” kimi göstərir.

Nəticə olaraq qeyd edək ki, Ursula fon der Lyayenin kreslosu hələlik təhlükədə deyil. Bu kampaniya daha çox Avropa Parlamentindəki radikal qüvvələrin güc nümayişidir. Əsl təhlükə yalnız o halda yarana bilər ki, əsas mərkəzçi fraksiyalar (EPP, sosial-demokratlar, Renew) içində ciddi parçalanma olsun. Amma hazırda belə bir situasiya müşahidə olunmur.

Akif NƏSİRLİ

Seçilən
55
baki-xeber.com

1Mənbələr