“Neftçi” - “Sabah” qarşılaşmasından sonra (0:0) hər iki komandanın futbolçularının üzgün görünməsi anlaşılan idi.
Qələbə üçün meydana çıxan futbolçular yekunda istəyinə çata bilməmişdi.
Məyus halda avtobusun yolunu tutan İvan Lepinitsa ilə söhbətdə Sportinfo.az-ın oyunla bağlı suallarına cavab tapmağa çalışdıq.
- 1 xalı qazanc hesab etmək olar, yoxsa 2 xalın əldən çıxdığını düşünürsən?
- Bərabərsəviyyəli oyun olduğunu düşünürəm. “Neftçi” güclü rəqibdir, xüsusən bu meydanda onlara qarşı oynamaq asan deyil. Düzdür, rəqibin qol epizodları daha çox oldu. Ümumi məzmuna baxsaq, yekunda qeydə alınan nəticənin hər iki komanda üçün qazanc olduğunu düşünürəm.
- Qalib gəlməyiniz üçün nə çatmadı?
- Sırf bu gündən danışırıqsa, aqressiyanın dozası istənilən qədər deyildi.
- Həqiqətənmi “Neftçi”nin meydanında oynamaq çətindir?
- Bəli-bəli. Bu il “Neftçi”də çox yaxşı komanda formalaşıb. Həm də bu meydanda öz azarkeşlərinin dəstəyi altında daha rahat və inamlı görünürlər. Bu gün rəqib daha aqressiv təsir bağışladı.
- Mövsümün əvvəlini “Sabah” üçün necə qiymətləndirirsən?
- Çempionata “Şamaxı” üzərində səfər qələbəsi ilə başladıq ki, bu, bizim üçün əla nəticə idi. Çünki 3 il idi Şamaxıda qalib gələ bilmirdik. İkinci matçda “İmişli”yə uduzacağımız heç kimin ağlından keçmirdi. Müdafiədə intizamlı oynamaqla istəklərinə çatdılar. İndi isə “Neftçi” səfərində xal itirdik. 3 oyunda 4 xal yaxşı nəticə sayıla bilməz. Lakin bir şey də var ki, çempionat yeni başlayıb, qarşıda çox oyunlar var.
- Cesse Sekidika, Boyan Letiç, İqor Noqeyro, Zinedin Uld Xaled kimi əsas heyət üzvləri meydana çıxmaqdan məhrum idi. Yerləri görünürdü?
- Hər bir futbolçu komandamız üçün vacibdir. Bir-iki nəfər zədələnəndə onların yeri görünür. Fərqi yoxdur, bu, Cessedir, yaxud digəri. Komanda tam tərkibdə olanda özümüzü daha rahat hiss edirik. Tezliklə bizimlə birlikdə olacaqlarına ümid edirəm.
HƏBİB