AZ

Ginekoloq: Anada kista və mioma varsa, qızda risk daha yüksəkdir

Qadınlarda kist və miomaların əmələ gəlməsi riskini artıran amillər açıqlanıb.

E-saglam.az xəbər verir ki, SM-Clinic-in ginekoloqu, tibb elmləri namizədi Mariya Rostovanın sözlərinə görə, yumurtalıq kistaları və uşaqlıq miomasının inkişafında əsas amillərdən biri hormonal balanssızlıqdır.

Onun RİA Novosti-yə verdiyi məlumata görə, bu böyümələr həyat üçün təhlükəli olmasa da, qadınların həyat keyfiyyətini xeyli pisləşdirə və ciddi fəsadlara səbəb ola bilər.

Rostova qeyd edib ki, ovulyasiya dövrünün tənzimlənməsindəki pozuntular, xüsusilə luteinləşdirici və follikul stimullaşdırıcı hormonların sintezindəki dəyişikliklər follikulların anormal inkişafına gətirib çıxarır. Bu zaman yumurta sərbəst buraxılmır, follikul böyüməyə davam edir və nəticədə kista əmələ gəlir.

Mütəxəssis həmçinin cinsi yolla ötürülən infeksiyaları, uşaqlıq əlavələrinin iltihabi xəstəliklərini və genetik meyli əhəmiyyətli risk faktorları kimi göstərib. Onun sözlərinə görə, əgər anada fibroma və ya kista varsa, qız övladında bu xəstəliklərin yaranma ehtimalı daha yüksəkdir.

Bundan əlavə, oturaq həyat tərzi, xroniki yuxu çatışmazlığı və uzunmüddətli stress də mənfi rol oynayır. Qidalanma, zərərli vərdişlər, stress və fiziki aktivlik səviyyəsi hormonal balansı birbaşa təsirləyərək şişlərin inkişafına şərait yarada bilər.

Həkim qadınlara yumurtalıq kistləri və miomanın qarşısını almaq üçün mütəmadi profilaktik ginekoloji müayinələrdən keçməyi tövsiyə edib.

SM-Clinic-in tibbi onkoloqu və ginekoloqu, tibb elmləri namizədi Dmitri Belkov isə vurğulayıb ki, qadınlar çox vaxt qarın altındakı şişkinlik və ya ağrıları sadəcə disbakterioz və ya PMS ilə əlaqələndirir, bu da erkən diaqnoz imkanını əldən verməyə səbəb olur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr