AZ

Əbədi suverenliyimizin şanlı zirvəsi

Azərbaycanın antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi ölkəmizin tarixi inkişafında dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə həyata keçirilən bu əməliyyat təkcə hərbi və siyasi baxımdan deyil, həm də strateji və geosiyasi müstəvidə mühüm nəticələrə yol açdı.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov  İki sahil.TV-yə müsahibəsində bu tarixi qələbəni Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi dəyərləndirərək bildirmişdir ki, suverenliyin tam bərpa olunması ölkənin daxili sabitliyinin gücləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq baxımından da yeni bir səhifə açır.

- Ziyafət müəllim, Prezident İlham Əliyevin 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri zamanı nümayiş etdirdiyi qətiyyətli siyasi iradə və liderliyin nəticəsi olaraq Azərbaycan dövlət suverenliyini tam şəkildə bərpa etdi. Bu tarixi uğurla ölkəmiz postmünaqişə dövrünə qədəm qoydu və yeni strateji mərhələ başlandı. Sizcə, bu möhtəşəm Qələbə Azərbaycanın gələcək geosiyasi mövqeyinin möhkəmlənməsinə, milli təhlükəsizlik sisteminin formalaşmasına və regiondakı strateji üstünlüklərinin artırılmasına hansı yeni reallıqları gətirir?

-2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsi başa çatsa da, bölgədə sabitlik tam təmin olunmadı. Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı silahlı dəstələr Azərbaycan ərazisində qanunsuz şəkildə fəaliyyətini davam etdirdi. Üçtərəfli Bəyanatın tələblərinə zidd olaraq, 10 min nəfərdən artıq erməni silahlısı hələ də Qarabağda mövcud idi. Həmçinin, yeni texnika daşınması, mövqelərin möhkəmləndirilməsi və təxribat xarakterli addımlar sülhə və reinteqrasiya cəhdlərinə ciddi maneə törədirdi. Məhz bu vəziyyət fonunda Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq, 2023-cü il sentyabrın 19-da lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu qısa, lakin həlledici əməliyyat nəticəsində qanunsuz silahlı dəstələr tərksilah olundu, Ermənistan ordusunun qalıqları ərazidən çıxarıldı və separatçı rejim ləğv edildi. Əməliyyat zamanı Azərbaycan dövləti beynəlxalq humanitar hüququn prinsiplərinə tam riayət etdi, mülki əhalinin təhlükəsizliyini təmin etdi və yalnız hərbi obyektlərə qarşı dəqiq zərbələr endirildi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran kimi şəhər və rayon mərkəzlərində Azərbaycan Respublikasının üçrəngli bayrağının ucaldılması dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının simvoluna çevrildi. Bütün bu uğurlar, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində mümkün oldu. Azərbaycan artıq öz suverenliyini tam təmin etmiş müstəqil və güclü dövlətdir.

-Qarabağ və Şərqi Zəngəzurda qələbədən sonra bərpa və reinteqrasiya prosesi sürətlə davam edir. Böyük Qayıdışın sosial, iqtisadi və mənəvi nəticələri Azərbaycan dövlətçiliyinə hansı yeni keyfiyyətlər qazandırır?

-Böyük Qayıdış proqramı Azərbaycanın tarixi torpaqlarına yalnız insanların deyil, eyni zamanda həyatın, inkişafın və təhlükəsizliyin qayıdışı deməkdir. Bu strategiya təkcə məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə yekunlaşmır, həm də həmin ərazilərin sosial-iqtisadi, mədəni və ekoloji baxımdan tam bərpasını hədəfləyir.  Prezident İlham Əliyevin Xocavənd rayonunda keçirdiyi son görüşdə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı “Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq” sözləri həm hərbi gücümüzün, həm də sülh şəraitində quruculuq qabiliyyətimizin nümayişidir.  Artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri-yollar, məktəblər, xəstəxanalar, hava limanları və digər obyektlər bu torpaqlarda dayanıqlı həyatın bərpasına yönəlib. Bu bölgələrdə aparılan quruculuq işləri təkcə fiziki yenilənməni deyil, həm də milli birliyin, əzmin və qürurun ifadəsidir.

-Ötən il cənab Prezidentin imzaladığı Sərəncamla 20 sentyabr “Dövlət Suverenliyi Günü” elan olundu. Bu günün təsis olunması gənc nəsil üçün hansı strateji mesajları verir?

-2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 sentyabr “Dövlət Suverenliyi Günü” kimi təsis edildi. Bu tarix, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən bugünədək davam edən dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin zirvə nöqtəsidir. 2025-ci ildə xalqımız bu günü ilk dəfə rəsmi olaraq qeyd edir. Dövlət Suverenliyi Günü həm ölkəmizin müstəqillik tarixinin, həm də milli həmrəyliyin və gücün simvoludur. Eyni zamanda, bu gün keçmişin şərəfli zəfərlərini yad etmək, gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaq üçün mühüm mənəvi dəyər daşıyır. 20 sentyabrın “Dövlət Suverenliyi Günü” kimi təsis olunması gənc nəsil üçün mühüm strateji mesajlar verir. Bu günün qeyd olunması, ilk növbədə, onlara dövlət müstəqilliyinin və suverenliyin tarixi əhəmiyyətini anlamağa imkan verir. Gənclər başa düşürlər ki, azadlıq və dövlətçiliyin əldə olunması asan başa gəlməyib - bu yol şəhidlərin qanı, xalqın iradəsi və milli həmrəyliyi ilə yazılıb.

Bu gün həm də vətəndaş məsuliyyətinin dərk olunması baxımından xüsusi önəm daşıyır. Gənc nəsil anlayır ki, suverenliyin qorunması yalnız silahlı mübarizə ilə deyil, eyni zamanda elmə, bilik və texnologiyaya yiyələnməklə, güclü vətəndaş mövqeyi nümayiş etdirməklə mümkündür. Dövlət Suverenliyi Gününün təsis edilməsi həmçinin milli yaddaşın qorunmasına xidmət edir. Bu tarix gənclərə bu cür mesaj verir ki, tarixi unutmamaq  gələcəyi düzgün qurmaq üçün əsas şərtdir. Eyni zamanda, 20 sentyabr bir çağırışdır - gələcəyə inamla baxmaq, dövlətimizin davamlı inkişafına töhfə vermək və Azərbaycanın suverenliyini daim uca tutmaq çağırışı.

-Sizcə, dövlət başçımızın qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu gün hansı qlobal proseslərin formalaşmasında aparıcı söz sahibinə çevrilib?

-Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də geniş şəkildə qəbul olunmuşdur. Onun qətiyyətli, prinsipial və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan regionda sabitlik və əməkdaşlıq modelinə çevrilmiş, dünya birliyində etibarlı tərəfdaş statusu qazanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasət Azərbaycanın həm Avropa, həm Türk dünyası, həm də İslam ölkələri ilə dərin əlaqələr qurmasına, eyni zamanda qlobal güc mərkəzləri ilə uğurlu münasibətlər saxlamasına şərait yaratmışdır.  BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin  güclənməsi, məhz dövlət başçısının peşəkar diplomatiyasının və milli maraqlara söykənən siyasətinin nəticəsidir. Dünyanın aparıcı dövlətləri və beynəlxalq qurumlar Prezident İlham Əliyevin liderliyini, xüsusilə də suverenliyimizin bərpası və regionda sülhün təşkili sahəsindəki rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə Azərbaycan sosial-iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi və beynəlxalq arenada artan nüfuzu ilə seçilir. Bu dövr ərzində həyata keçirilən islahatlar və məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafına böyük töhfələr vermiş, Azərbaycanın beynəlxalq imicini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq arenada müstəqil və prinsipial siyasəti ilə fərqlənir. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, COP29 kimi mötəbər tədbirlər isə dövlətimizin dünya miqyasında artan nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin uzaqgörən liderliyi və ardıcıl siyasəti nəticəsində Azərbaycan son illər sabitlik, inkişaf və modernləşmə nümunəsi kimi beynəlxalq aləmdə tanınan bir ölkəyə çevrilmişdir.

-Regional sabitlik məsələsi də Azərbaycanın qarşısında duran əsas çağırışlardandır. Bu kontekstdə bölgədə davamlı sülhün təmin olunması, geosiyasi risklərin idarə edilməsi, həmçinin regional əməkdaşlıq formatlarının gücləndirilməsi sahəsində ölkəmiz hansı strategiyaları həyata keçirir?

-Azərbaycan regional sabitliyin təmin olunması üçün məqsədyönlü və balanslı strategiya həyata keçirir. Ölkəmiz qonşu dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirir, qarşılıqlı anlaşma və dialoqu təşviq edir. Eyni zamanda, Azərbaycan BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda fəal iştirak edərək, regional və beynəlxalq sülhün qorunmasına töhfə verir. Geosiyasi risklərin azaldılması üçün təhlükəsizlik tədbirləri gücləndirilir, həmçinin enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verilir. Bu yanaşmalar sayəsində Azərbaycan öz strateji maraqlarını qoruyur və bölgədə davamlı sülhün möhkəmlənməsinə nail olur. Xüsusilə təhlükəsizlik, iqtisadi inkişaf və enerji layihələri çərçivəsində atılan strateji addımlar regionda davamlı sabitliyin təmin edilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr və sülhyönümlü mövqeyi ölkəmizin regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.

-Sentyabrın 20-si həm “Dövlət Suverenliyi Günü”, həm də “Neftçilər Günü” kimi tariximizə həkk olunub. Sizcə, bu iki əlamətdar günün eyni tarixdə qeyd olunması Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və milli inkişaf strategiyamız baxımından hansı rəmzi mənanı daşıyır?

-Sentyabrın 20-nin həm Dövlət Suverenliyi Günü, həm də Neftçilər Günü kimi qeyd olunması Azərbaycan üçün çox dərin və rəmzi mənalar daşıyır. Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda atılan ən önəmli addımlardan birinin rəmzidir. Bu gün eyni zamanda, Azərbaycanın zəngin enerji resursları və neft sənayesi ilə bağlı tarixini, eləcə də iqtisadi gücünü və müstəqil inkişafını ifadə edir. Neftçilər Günü Azərbaycan xalqının iqtisadi inkişafında, xüsusilə müasir müstəqil dövlətin formalaşmasında neft sənayesinin əvəzsiz rolunu vurğulayır. Neftçilərin fədakarlığı və zəhməti sayəsində ölkəmiz iqtisadi baxımdan güclənmiş, enerji strategiyasını dünya səviyyəsində tanıtmışdır. Bu iki günün eyni tarixdə qeyd olunması dövlət suverenliyinin iqtisadi dayaqlara, xüsusilə də enerji resurslarının idarə olunmasına əsaslandığını göstərir. Bu da milli inkişaf strategiyamızın həm siyasi, həm də iqtisadi cəhətdən ahəngdar və dayanıqlı olduğunun bariz nümunəsidir. Beləliklə, sentyabrın 20-si Azərbaycan üçün həm müstəqilliyin qorunması, həm də iqtisadi gücün artırılması yolunda həmrəyliyin və iradənin ifadəsi olaraq tarixdə özünəməxsus yer tutur.

-2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycanın hüquqi-siyasi inkişafı və milli kimliyinin möhkəmlənməsi baxımından hansı əhəmiyyətə malikdir?

-2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycanın hüquqi-siyasi inkişafında və milli kimliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyır. Bu qərar dövlətimizin suverenliyinin daha da dərinləşdirilməsi və konstitusion quruculuğun təkmilləşdirilməsi üçün strateji bir addımdır. Konstitusiya ölkənin hüquq sisteminin əsasını təşkil etdiyindən, onun möhkəmləndirilməsi dövlət idarəçiliyinin şəffaflığına, qanunçuluğun təminatına və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Eyni zamanda, milli kimliyin gücləndirilməsi və vətəndaşların dövlətə bağlılığının artırılması üçün mühüm bir platforma yaradır. Bu il çərçivəsində qəbul ediləcək tədbirlər və qanunvericilik dəyişiklikləri ölkəmizin davamlı inkişafını təmin edəcək və Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirəcək. Ümumilikdə, "Konstitusiya və Suverenlik İli" ölkəmizin gələcək nəsilləri üçün hüquqi baza yaratmaqla yanaşı, milli birliyin və suverenliyin möhkəmləndirilməsində vacib rol oynayacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
15
ikisahil.az

1Mənbələr