AZ

“Qarabağ” – Dövlətin “sağ əli”, siyasi inkişafın carçısı

Deyirlər, futbolla siyasəti bir-birinə qatmaq olmaz, fərqli anlayışlardır.

Razılaşmıram. Kökündən yanlış yanaşmadır. Münasibətləri gərginləşdirməmək üçün deyilən bəhanədir.

Məsələn, “Qarabağ”ın Avropa meydandanlarda qazandığı uğurların bir ucu siyasətə söykənir.

Ermənilər dünənə kimi nə deyirdi? Qarabağ onlarındır, tarixən onlara məxsus olub və sair. Utanmaz-utanmaz “Artsax” adlı klub da yaratmışdılar, əsassız iddialarını gözə soxmaq üçün.

“Qarabağ”ın avrokuboklarda indiyə qədər əldə etdiyi nəticələr təkcə turnirlərdə xal qazanmaq baxımından önəm daşımırdı. Bu, həm də Azərbaycan və Qarabağ adının dünyaya tanıdılması demək idi. Az-çox tanıyırdılar. Ancaq...

...Çempionlar Liqasında “Benfika” üzərindəki parlaq qələbədən sonra isə futbolla səthi maraqlananlar belə, bu komandanın uğurundan danışır, hansı ölkəni təmsil etdiyini öyrənir, Azərbaycanın xəritənin hansı nöqtəsində yerləşdiyini bilir.

Bundan gözəl siyasi reklam?

Bir komandanın uğur qazanması həm də həmin ölkədə idmana dövlət səviyyəsində marağın, diqqətin və dəstəyin olmasının sübutudur.

İllər öncə futboldakı nəticələri ilə adı dillər əzbəri olan Ukrayna və Rusiya futbolu indi hə haldadır? İki ölkə arasında illərdir davam edən müharibənin ən populyar idman növünə hansı zərbənin vurduğunu hər kəs görməkdədir. Milli və klub səviyyəsindəki yarışlarda Rusiya (beynəlxalq yarışlarda iştirak etmirlər) və Ukrayna klubları əvvəlkitək əzəmətli görünmür.

Biz isə dağ boyda müharibədən çıxan ölkə olaraq yolumuza davam edir, uğurları sıralayırıq. Həm də birbaşa Qarabağın adı ilə.

Son illər ölkəmizdə inşa olunan stadionlar, klublara paylanan milyon manatlar, milli komandalara ayrılan şərait də futbola dövlət səviyyəsində xüsusi qayğının xəbərçisidir.

Bəli, “Qarabağ” o möhtəşəm zəfərlə təkcə 3 xal qazanmadı. Həm də geniş çərçivədə Azərbaycan adlı ölkənin aktivinə azı 10-15 xal yazdırdı. Qarabağ adının Azərbaycana məxsus olduğunu sübut etdi. Azərbaycanda futbola diqqət-qayğının ən yüksək səviyyədə olduğunu göstərdi.

Əminəm ki, bu uğurdan sonra dövlət tərəfindən “Qarabağ”a olan dəstək bir qədər də artacaq, digər klublarda görülən işlər nəzərdən keçiriləcək, milli komandalar səviyyəsində uğur qazana bilməməyin səbəbləri araşdırılacaq.

Futbolda ölkə rəhbərliyi səviyyəsində araşdırılması aparılsa və lazım olan qərarlar verilsə, qarşıdakı illərdə bundan da parlaq zəfərləri bayram edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
7
1
sportinfo.az

2Mənbələr