AZ

Şmıqal: Ukrayna gündə 1000-dək dron-interseptordan istifadə etməyə başlayacaq

BAKI, 19 sentyabr. TELEQRAF

Ukrayna tezliklə Rusiya hücumlarından müdafiə olunmaq üçün gündə azı 1000 dron-interseptordan istifadə etmək imkanına malik olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal polşalı həmkarı Vladislav Kosinyak-Kamış ilə mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Şmıqal iddia edir ki, Rusiya artıq gündə 800 drondan istifadə edir və buna görə Ukraynanın gündə azı 1000 dron-interseptora ehtiyacı var.

“Bu səviyyəyə çatacağıq. Bu gün hansı səviyyədə olduğumuzu deyə bilmərəm, lakin yaxın vaxtlarda bu səviyyə reallaşdırılacaq", - nazir qeyd edib.

Məmur dronların istehsalının problem olmadığını söyləyib.

Onun sözlərinə görə, əsas çətinlik yerüstü idarəetmə komplekslərinin, radarların və hədəfləmə üçün süni intellektdən istifadə edən digər elementlərin mövcudluğu ilə bağlıdır.

“Bu böyük bir kompleksdir və onun tətbiqi çox vaxt aparır. Lakin biz inamla, qrafikə uyğun olaraq bu hədəfə doğru irəliləyirik”, - Şmıqal əlavə edib.

Seçilən
11
teleqraf.com

1Mənbələr