AZ

Ədalətin, beynəlxalq hüququn təntənəsi

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq xalqın maraqlarına, iradəsinə əsaslanır

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən, suverenliyimizin tam bərpasını təmin edən birgünlük antiterror tədbirlərindən iki il keçir. Bir gündə yazılan bu uğur hekayəsi bayramlarımız sırasına Dövlət Suverenliyi Gününün daxil edilməsini şərtləndirdi.

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Ən əsası müstəqillik tariximizin Zəfər səhifələri daha da zənginləşdi. 2023-cü il aprelin 23-də ərazi bütövlüyümüzün və sentyabr ayında suverenliyimizin tam bərpa olunması ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu. Dövlət başçısı İlham Əliyevin ötən ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik: “Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.”

Yeni dövrün başlandığı gün 2023-cü ilin 20 sentyabr tarixi oldu. Azərbaycan bu tarixdə suverenliyini tam bərpa etdi və müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün əraziləri üzrə seçkilərin keçirilməsi, Zəfərimizin yaratdığı reallıqların qəbulu və təsdiqi üçün daha geniş imkanlar yarandı.

Əbəs yerə deyilmir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Necə ki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətə imza atdı. 30 illik işğal dövründə nə qədər dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, heç zaman ruhdan düşmədi, daim irəliyə doğru inamla addımladı. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə, hərb variantının seçiləcəyi inkar edilmədi. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bugünkü Azərbaycan Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. 1992-ci ildə ABŞ Konqresinin ölkəmizə qarşı ədalətsiz «907-ci düzəliş»i tətbiq etməsi də erməni yalanlarına əsaslanırdı. Guya işğala məruz qalan tərəf Ermənistandır, Azərbaycan işğalçı dövlətdir. Eyni zamanda, Azərbaycan guya Ermənistanı blokadada saxlayır. Ermənilərin və erməni diasporunun belə bir qərarın qəbul olunmasında məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan 10 ilə yaxın dövrdə bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da, nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə, daha da inkişaf etdi, dayanıqlı inkişaf, sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında öncül yerlərdə dayandı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu xarici siyasətində dəyişiklik etmək məcburiyyətində qoydu. ABŞ hökuməti «907-ci düzəliş»in ədalətsizliyini təsdiqləyərək fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etdi.

Bu ədalətsiz qərarın bir dəfəlik ləğvi məsələsi ötən dövrdə məlum səbəblərdən müşgülə çevrilsə də, gec-tez ədalətin zəfər çalacağı aydın idi. Bu ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində əldə olunan razılaşmalardan biri məhz “907-ci düzəliş”in ləğvi oldu. ABŞ administrasiyası tərəfindən uzun müddət müzakirə olunan “907-ci düzəliş”in ləğv edilməsi qərarını isə Azərbaycan Prezidenti “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi.

Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Amma elə ölkələr var ki, bu qətnamələr bir neçə saatda tətbiq edilir. Ona görə rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, xüsusilə BMT Baş Assambleyasından bəyan edirdi ki, bu qətnamələrin icrası üçün vahid mexanizm hazırlanmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bu məqamlara bir daha diqqət yönəldərək bildirdi ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə, kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Avqust ayında Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.

Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə blmədiklərini etdi. Haqq-ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə bir daha çatdırıldı ki, beynəlxalq hüquq deyilən məfhum var və ona riayət edilməsi mütləqdir.

Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Müstəqillik tariximizin 1993-cü ildən, yəni Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda o kadrlar ölkəmizin müxtəlif sahələrdə inkişafına öz töhfələrini verirlər.

Azərbaycanın son 22 ilə yaxın dövrdə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz, suverenliyimizin bərpası bu uğurların zirvəsində dayanır.

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirildi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də yeni hədəflərin müəyyənləşdirildiyini və əvvəlki illərdə əldə olunan uğurlar əsasında gələcəyə inamla addımladığımızı təsdiqləyir. Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Cənab İlham Əliyev postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə, qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bütün güclər də səfərbər edilib. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»

Cənab İlham Əliyev konkret tarix söyləməsə də, bu günə qədər görülən işlər göz qabağındadır. Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki, qayıdış ünvanlarının sayı daha da artır. Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı, neçə-neçə kəndlərimiz sakinlərinə qovuşub.

Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Hazırda azadedilmiş ərazilərimizdə tətbiq olunan idarəçilik sistemi beynəlxalq səviyyədə də təqdir edilir. Bu sistem işin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.

Bu mühüm məqamı da qeyd edək ki, postmünaqişə dövrünün hədəfləri açıqlanarkən müdafiə gücümüzün bundan sonra daha da artırılmasının vacibliyi vurğulandı. Ermənistanda revanşist qüvvələrin baş qaldırmayacağı inkar edilmədi. Tarixi Zəfərimizdən sonra «Qisas», «Qətiyyətli addım» kimi əks-hücum əməliyyatlarını yada salmaq kifayətdir. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında daim xüsusi qeyd edilir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

«Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik» söyləyən cənab İlham Əliyev onu da qeyd edir ki, Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracağını düşünürdük. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə qarşı mina terroru davam etdirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. 

Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin 19 sentyabr tarixində həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatçılar çıxarıldı, suverenliyimiz tam təmin olundu. Dövlət başçısı İlham Əliyev bu günlərdə Xocalı, Xocavənd rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bir daha vurğuladı ki, doğma Qarabağ torpağına qayıtmısınız. Bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Ən önəmlisi doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik.

Cənab İlham Əliyev onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsi başa çatanda biz bu bölgəyə nəzarət etmirdik: “Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq. Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu.”

Bütün Qarabağ, Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması gücümüzü, niyyətimizi göstərir. Dövlətimizin başçısı bildirdi: “Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz.”

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi istər 44 günlük İkinci Qarabağ müharibəsinin, istərsə də birgünlük lokal antiterror tədbirlərinin daim təhlilini, indiki və gələcək nəsillərə çatdırılmasını bir tələb kimi qarşıya qoyur. Bu baxımdan həmin Sərəncama əsasən, 20 Sentyabr- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Dövlətimizin başçısı İlham Əliyev ötən iki ildə təkcə Xankəndi şəhərinə 12 dəfə səfər edib. Xocavəndə, Xocalya, Ağdərəyə də səfərlərin sayı çoxdur. Bu səfərlər digər azad edilmiş torpaqlarımız kimi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizdən ötən beş ilin qürurverici hadisələrindən biri budur ki, dövlət başçısı İlham Əliyev Novruz tonqalını azad edilmiş ərazilərimizdə alovlandırır. Suverenliyimizin bərpasından sonra Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sora xalqa müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi ki, uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. O da bildirilmişdi ki, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr