AZ

Antibiotiklərin düzgün istifadəsi niyə önəmlidir? - Mütəxəssislər AÇIQLADI

Antibiotiklər müasir tibb sahəsində infeksion xəstəliklərin müalicəsində vacib vasitədir. Onlar bakterial infeksiyaların aradan qaldırılmasında effektiv olsalar da, antibiotiklərin səhv və həddindən artıq istifadəsi həm uşaqlarda, həm də böyüklərdə sağlamlığa ciddi zərər verə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu mövzuda vətəndaşları diqqətli olmağa çağırır və antibiotiklərin düzgün istifadəsinin vacibliyini önə çəkirlər.

Antibiotiklərin düzgün istifadəsi niyə önəmlidir?

Mütəxəssislərin sözlərinə görə, antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsində faydalıdır. Viral infeksiyalar, məsələn, qrip, soyuqdəymə və ya digər virus mənşəli xəstəliklərdə antibiotiklər heç bir fayda vermir və onların istifadə olunması lazım deyil. Təəssüf ki, çox vaxt insanlar bu fərqi anlamır və antibiotikləri lazım olmadığı halda, həkim məsləhəti olmadan istifadə edirlər. Bu, orqanizmə əlavə zərər vurmaqla yanaşı, antibiotikə qarşı müqavimətin artmasına səbəb olur.

Uşaqlarda antibiotiklərin yanlış və həddindən artıq istifadəsi bir sıra ciddi yan təsirlərə yol aça bilər. Onlar arasında ən çox rast gəlinənlər allergik reaksiyalar, həzm sisteminin pozulması, ishal və qusma hallarının yaranmasıdır. Antibiotiklər bağırsaq florasını dəyişdirərək, orqanizmin immun sisteminin zəifləməsinə səbəb ola bilər. Uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün, bu pozulmalar onların sağlamlıq vəziyyətinə uzunmüddətli təsir göstərə bilər və gələcəkdə müxtəlif allergik və autoimmun xəstəliklərə yol aça bilər.

Böyüklər üçün də antibiotiklərin düzgün və həkim nəzarəti olmadan istifadəsi bir çox sağlamlıq riskləri yaradır. Uzunmüddətli və səhv istifadə antibiotikə qarşı bakteriyaların müqavimətinin artmasına səbəb olur ki, bu da gələcəkdə infeksiyaların müalicəsini daha çətinləşdirir. Bundan başqa, antibiotiklər qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər, xüsusilə də orqanizmdə mövcud xəstəliklər olduqda. Qaraciyərin və böyrəyin zədələnməsi ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Dünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar antibiotik müqavimətini müasir tibb üçün ən böyük təhdidlərdən biri kimi qiymətləndirir. Bakteriyaların antibiotiklərə qarşı davamlılıq göstərməsi, infeksiyaların daha uzun sürməsinə, ağırlaşmaların artmasına və bəzən ölüm hallarının baş verməsinə səbəb olur. Bu səbəbdən antibiotiklərin həkim göstərişi ilə, lazımi dozalarda və müddətdə istifadəsi mütləqdir.

Mütəxəssislər valideynlərə və bütün vətəndaşlara antibiotikləri yalnız həkimin təyin etdiyi zaman qəbul etməyi tövsiyə edir. Antibiotiklərin kursunu yarımçıq dayandırmaq və ya dozanı dəyişdirmək düzgün deyil. Həmçinin, antibiotikləri xəstəlik simptomlarına görə özbaşına seçmək və istifadə etmək sağlamlığa ciddi zərər verə bilər.

Həkimlər əlavə edir ki, antibiotiklərdən qorunmağın ən yaxşı yolu sağlam həyat tərzi sürmək, vaxtında peyvənd olunmaq və infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etməkdir.

Asya
Milli.Az

Seçilən
22
1
milli.az

2Mənbələr