AZ

Azərbaycan Ordusu 200 illik ssenarini bitirdi Həmin gün nələr yaşandı?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Antiterror əməliyyatının regionda yeni reallıqlar yaratdığı danılmaz faktdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Ermənistanın üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırması, öz silahlı hərbi birləşmələrini ərazilərimizdən çıxarmaması və bu azmış kimi keçmiş separatçı rejimə silah-sursat tədarükü edərək onları yeni təxribatları ruhlandırması antiterror əməliyyatını vacib edirdi:

“İstər 2021-ci ilin noyabrında, istərsə də daha sonra 2022-ci ilin sentyabrında sərhəddəki toqquşmalardan və 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrin Şuşa istiqamətində həyata keçirdiyi təxribatlardan, həmin ilin aprel və may ayında şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasından sonra rəsmi Bakı hər dəfə həm Ermənistana, həm də onların havadarlarına bu kimi təxribatların Ermənistan üçün ağır nəticələrə səbəb olacağı ilə xəbərdarlıqlar etmişdi.

“Amma “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlardan dərs çıxarmayan düşmən və onu hər vəchlə himayə edən qüvvələr yenə də humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını davam etdiridilər. Nəticədə 2023-cü ilin 19 sentyabr tarixində ermənilər tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları həyata keçirildi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı.

Yusif Bağırzadə

Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki nəfər həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu və bu, şübhəsiz ki, tariximizin qürur duyulası səhifəsidir. Azərbaycan Ordusu qarşısında cəmi 23 saat 43 dəqiqə ərzində dayanmağa güc tapan düşmən ağır itkilər verərək təslim olmağa məcbur edildi. Bununla da Qarabağda separatizmə son qoyuldu.

İndi üzərindən iki il keçdikdən sonra antiterror tədbirlərinin nəticələrinə baxdıqda daha aydın şəkildə görmək olur ki, bu əməliyyatlar faktiki olaraq son 200 ilə yaxın müddət ərzində regionda mövcud olmuş terrorizmə, separatizmə son qoydu. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə barışa bilməyən, radikal separatçı qruplar üzərindən regiona müdaxilə etmək imkanlarını qoruyub saxlamağa çalışan xarici dairələrin çoxillik ssenariləri tamamilə sıradan çıxmış oldu”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr