AZ

Alimlər qədim Yaxın Şərqin şərabçılıq sirlərini üzə çıxarıblar

Min illər əvvəl Levant və Mesopotamiyada üzüm və zeytun becərilməsinin iqlim dəyişikliklərinə baxmayaraq davam etməsi diqqət çəkir...

Poliqon xəbər verir ki, Almaniyanın Tyubingen Universitetinin alimləri və onların həmkarları qədim Yaxın Şərqdə kənd təsərrüfatı ənənələrini araşdıraraq maraqlı nəticələr əldə ediblər. Onların tədqiqatı Levant və Şimali Mesopotamiya ərazilərini əhatə edir və Rəngli Tunc dövründən Dəmir dövrünədək uzanan dövrü əhatə edir. Əsas məqsəd iqlimin və ictimai tələbatın üzüm və zeytun kimi əsas kənd təsərrüfatı məhsullarının becərilməsinə necə təsir göstərdiyini öyrənmək olub.

Nəticələr nüfuzlu PLOS One jurnalında dərc olunub.

Alimlər 1500-dən çox toxum və ağac nümunəsini analiz edərək, onların tərkibindəki sabit karbon izotoplarını ölçüblər. Bu metod bitkilərin böyümə dövründə hansı dərəcədə su ilə təmin olunduğunu müəyyən etməyə imkan verib.

Araşdırma göstərib ki, Erkən Tunc dövründə bitkilərin su çatışmazlığından gördüyü zərər əsasən mövsümi iqlim dəyişkənlikləri ilə bağlı olub. Lakin Orta Tunc dövründən etibarən vəziyyət dəyişib: su stressi daha tez-tez müşahidə olunmağa başlayıb, hətta iqlim baxımından əlverişsiz zonalarda da əkinçilik aparılıb. Bu isə qədim insanların süni suvarma – irriqasiya üsullarından istifadə etdiklərinin sübutu sayılır.

Xüsusilə üzümün və şərab istehsalının zeytundan üstün tutulması diqqətəlayiqdir. Mütəxəssislər bildirirlər ki, üzüm bağları iqlim cəhətdən uyğun olmayan bölgələrdə belə salınıb və məhsulun kifayət qədər su ilə təmin edilməsi üçün böyük səy göstərilib. Bu isə qədim dövrlərdə şərabın təkcə qida məhsulu deyil, həm də mühüm mədəni və iqtisadi dəyərə malik olduğunu göstərir.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, həmin dövrün əkinçiləri şüurlu qərarlar veriblər: hansı bitkiləri əkmək, nə zaman və harada suvarma tətbiq etmək, riskləri və xərcləri nəzərə almaq onların kənd təsərrüfatı strategiyasının əsasını təşkil edib. Bu isə göstərir ki, davamlılıq, resursların idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma problemləri insanları hələ eramızdan əvvəl IV minillikdə narahat edirdi.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr