AZ

"Antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində həlledici dönüş nöqtəsi oldu" -Arzu Nağıyev

"2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu, eyni zamanda xüsusi xidmət orqanları və digər hüquq-mühafizə orqanları ilə birlikdə keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində mühüm bir iz buraxan və həlledici dönüş nöqtəsi oldu. Bu əməliyyat nəticəsində Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna, eyni zamanda müxtəlif yerlərdən gətirilmiş terror qruplarına birmənalı şəkildə son qoyuldu. Azərbaycan bütün ərazisində suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və artıq Azərbaycan qanunları, Konstitusiyaya uyğun olaraq, ölkənin bütün ərazisində tətbiq olunmağa başladı".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Ordusunun antiterror əməliyyatındakı qələbəsindən danışarkən bildirdi.

"Bir məqam da ondan ibarətdir ki, 30 ildən artıq davam edən işğal dövrünün yaratdığı problemlərə nöqtə qoyuldu. Separatizmi dəstəkləyən və hətta onlara rəhbərlik edən şəxslərin həbsi ilə nəticələnən antiterror əməliyyatı zamanı çoxsaylı silah-sursat ələ keçirildi və götürüldü. Hətta deyə bilərik ki, dinc əhali üçün müəyyən bir dəhliz də yaradıldı ki, çıxmaq istəyənlər bu imkanlardan istifadə etsinlər. Əsas məqam ondan ibarətdir ki, əməliyyat zamanı heç bir mülki şəxsə zərər yetirilmədi. Əsasən məhv edilən şəxslər terrorçular və Azərbaycan Konstitusiyası çərçivəsində yaşamaq istəməyən, ölkə qanunlarına zidd fəaliyyət göstərənlər idi. Bununla biz, həm ordumuzun gücünü və peşəkarlığını, həm xüsusi xidmət və hüquq-mühafizə orqanlarımızın nəyə qadir olduğunu, həm də Ali Baş Komandanın qətiyyətini və xalq-iqtidar birliyini nümayiş etdirdik. Uzun sürən işğala son qoyuldu.

Təbii ki, şəhidlərimiz də oldu, Allah onlara rəhmət eləsin. Qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmağı və dinc həyata qayıtmağı arzu edirik. Əsas məsələ isə ondan ibarətdir ki, biz bütün dünyaya açıq şəkildə göstərdik: öz ərazi bütövlüyümüzü təmin etməyə qadirik. Birləşmiş Millətlər Təşkilatının vaxtilə qəbul etdiyi, lakin yerinə yetirilməyən qətnamələrinə, ATƏT-in Minsk qrupunun yalnız deklarativ bəyanatlarına baxmayaraq, Azərbaycan xalqı bu məsələyə son qoydu. Reallıq bundan ibarətdir ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərində yeni bir mərhələ başlanıb. Sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atılır. Bunu biz Vaşinqtonda keçirilən görüşdə də gördük, eyni zamanda cənab Prezidentin keçirdiyi görüşlərdə və Ermənistan tərəfinin verdiyi bəyanatlarda da bu aydın sezilir".

Onun sözlərinə görə, əsas məqamlardan biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi və şərti sərhəddə yerləşdirilmiş vizual kəşfiyyatçıların aradan qaldırılması məsələsidir:

"Bu gün sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması əsas məsələlərdəndir. Regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, istər Cənubi Qafqazda, istərsə də ümumilikdə regional səviyyədə diqqət mərkəzindədir. Biz bunu Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində də gördük. Azərbaycan sülhün tərəfdarıdır və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatından sonra ölkəmiz dinc quruculuq işləri ilə məşğuldur. Ermənistana da eyni mövqeyi tövsiyə edir, hətta bəzi hallarda konkret tələblər irəli sürür.

Bu gün məsələ artıq diplomatiya müstəvisində həll olunur. İki il əvvəl keçirilmiş əməliyyat nəticəsində milli maraqlarımız tam şəkildə təmin olundu. Sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atılır. Təhlükəsizlik və regional əməkdaşlıq bu günün əsas prioritetləridir. Beləliklə, 2023-cü ildə hərbi-siyasi mərhələ yekunlaşdı və bu gün sülhün bərqərar olması üçün diplomatik və danışıqlar mərhələsi ön plandadır".

Nuriyyə NATİQQIZI

Seçilən
10
redaktor.az

1Mənbələr