AZ

Payızın “depressiya mövsümü” adlanmasının səbəbi nədir?

Ekspert: Gün işığından maksimum faydalanmaq, fiziki aktivliyi artırmaq, sosiallaşmaq və balanslı qidalanmaq tövsiyə olunur 

Payız fəslinin gəlişi ilə birlikdə yorğunluq, halsızlıq kimi şikayətlər artıb. Bir çox insan depressiya və tükənmişlik hissi ilə mübarizə aparır. Bu günlərdə tez-tez insanları motivasiyasız görmək mümkündür. Bəzi insanlar payız aylarında halsızlıqla yanaşı baş ağrıları, əzələ və oynaq ağrıları ilə də üzləşirlər. Yay fəslinin bitməsi, tətilin başa çatmasının ardından dəyişən rejimə uyğunlaşmaq yaş qrupundan asılı olmayaraq bir çox insanın adaptasiya olmaqda çətinlik yaşaması ilə nəticələnir. Ona görə də bəzən payızı “depressiya mövsümü” də adlandırırlar. Bəs bunun səbəbi nədir? 

İnsan özünü yorğun, halsız və motivasiyasız hiss etməyə başlayır...  

Mövzu ilə bağlı peşəkar ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanova “İki sahil”ə açıqlamasında bildirdi ki, payız aylarında depressiyanın artması təsadüfi deyil. Bu dövr insan orqanizminin həm bioloji, həm də emosional ritmlərində ciddi dəyişikliklərin baş verdiyi bir mərhələdir. Günlərin qısalması, havanın soyuması və günəş işığının azalması insanların əhvalına birbaşa təsir göstərir. Günəş işığı ilə tənzimlənən serotonin hormonu azaldıqca insan özünü daha yorğun, halsız və motivasiyasız hiss etməyə başlayır. 

Bu da depressiv ovqatın formalaşmasına zəmin yaradır. Digər tərəfdən, payız aylarında təbiətdə baş verən dəyişikliklər, ağacların yarpaqlarını tökməsi, solğunluq və sakitlik insanlarda nostalji hissləri, keçmişlə bağlı xatirələri və tənhalıq duyğusunu gücləndirə bilər. Xüsusilə melanxolik temperament tipinə sahib olan və özünəqapanıq insanlar mövsüm dəyişikliyindən ən çox təsirlənən insanlardır. Keçid dövründə bir çox insanın gələcək qayğılarının və özgüvən əskikliyi kimi şikayətlərinin də artdığı müşahidə olunur. Dərs və iş proseslərinin intensivləşməsi və sosial mühitin dəyişməsi isə depressiv insanlarda əlavə psixoloji yüklənmə yaradır.   

Onlar üçün bu, romantikadır  

Vüsalə Əmiraslanovanın sözlərinə görə, mövsüm dəyişikliyi zamanı bu kimi narahatlıqlar sanqvinik temperament tipinə aid insanlarda rast gəlinmir. Melanxolik insanlardan fərqli olaraq payızın gəlişi, təbiətin solğun rəngləri sanqviniklər üçün romantikanın simvoludur və sanqvinik insanlar mövsüm dəyişikliyi dövründə də gümrah və nikbin qalmağı bacarırlar. 

Psixoloqun qeyd etdiyinə əsasən elmi araşdırmalar göstərir ki, payızda yaranan və uzun müddət davam edən bu əhval dəyişiklikləri bəzən “sezonlu affektiv pozuntu” (SAP) adlandırılan xüsusi bir depressiya növünə çevrilə bilər. Bu zaman insanlarda klassik depressiya əlamətləri, yuxu pozuntuları, iştahsızlıq, maraqsızlıq və həzz ala bilməmə halları müşahidə olunur.   

Bəs bu vəziyyətdən necə çıxmaq olar?  

Vüsalə Əmiraslanova mövsümi depressiyanın qarşısının alınması üçün gün işığından maksimum faydalanmağı, fiziki aktivliyi artırmağı, sosial təmasda olmağı və balanslı qidalanmağı tövsiyə edir. Eyni zamanda, bu əlamətlər uzun  müddət davam edərsə və dərin xarakter daşıyırsa, mütləq şəkildə lazımi tibbi və psixoloji dəstək alınmalıdır.  

Qeyd edək ki, bu, keçici bir dövrdür. Gündəlik həyatda nizamlı rejimin olması, sosial əlaqələri canlı tutmaq, həkim və ya psixoloji dəstək almaqla bu dövrü rahatlıqla başa vurmaq mümkündür. 

Şahnigar Əhmədova

Seçilən
8
ikisahil.az

1Mənbələr